ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Aparılan bəzi elmi araşdırmalara görə, aztəminatlı ailələrdə yüksək zəkaya malik uşaqlar qısa müddətdə idrak və istedad üstünlüklərini itirirlər.
Belə ki, tədqiqatçılar tərəfindən 5 yaşında koqnitiv testlərdə ən yüksək 25 faizliyə daxil olan uşaqlar izlənilib və nəticələr ailə gəlirinə görə müqayisə edilib.
Kasıb ailələrin istedadlı və ağıllı uşaqları ilkin mərhələdə yüksək performans, güclü nəticələr göstərsə də, orta məktəbə keçidlə vəziyyət dəyişir.
Yüksək nəticə göstərən uşaqlar ibtidai məktəb boyu daha imkanlı həmyaşıdları ilə eyni səviyyədə qalıblar. Lakin 11-14 yaş arasında, yəni orta məktəb dövründə, aztəminatlı ailələrdən gələn uşaqlar bir çox sahədə geridə qalmağa başlayıblar. Belə çıxır ki, ailə gəlirinin aşağı olması uşaqların bacarıqlarına təsir göstərir.
Bəs ibtidai məktəbdə eyni səviyyədə olan uşaqların orta məktəbdə fərqlənməsinin əsas səbəbləri nələrdir? Maliyyə çətinlikləri və sosial-iqtisadi status uşaqların özünəinamına və motivasiyasına necə təsir göstərir?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib ki, müasir dövrdə istedadın davamlı inkişafı üçün sadəcə məktəb dərsləri yetərli deyil:
“Rəqəmsal dünya, informasiyanın bolluğu və müasir dünyanın tələblərini nəzərə alsaq, istedadın qorunması üçün yalnız məktəb dərsləri kifayət etmir, uşağa psixososial dəstək, motivasiya və bərabər imkanlar lazımdır.
İbtidai siniflərdə uşaqların göstəriciləri daha çox onların təbii maraqları, istedadı və öyrənmə sürəti ilə bağlı olur. Bu mərhələdə dərslər nisbətən sadədir, əsasən mexaniki yaddaş və sadə düşünmə bacarıqları tələb olunur. İnsan həyatının bu mərhələsində bütün uşaqlar demək olar ki, bərabər nəticələr göstrərirlər.
Hansısa tibbi səbəb yoxdursa, ailənin maddi durumu heç bir rol oynamır. Orta məktəb dövründə vəziyyət dəyişir. Bu yaş mərhələsində artıq analitik düşüncə, məntiqi əlaqələrin qurulması, emosiyaların idarə olunması kimi daha mürəkkəb idrak bacarıqları tələb olunur. Ailədəki maddi və mənəvi məsələlər özünü aydın göstərməyə başlayır.
Ailədə maddi çətinliklər uşağın özünəinamını zəiflədə bilər. Uşaq görür ki, digər həmyaşıdları əlavə kurslara, müəllim dəstəyinə, texnologiyalara daha asan çıxış əldə edirlər. Bu isə onda mən geri qalıram hissini gücləndirir. Özünəinamın zəifləməsi motivasiyanın və dərsə azalmasına səbəb olur. Motivasiya olmayanda istedad uzun müddət davam gətirə bilmir”.
Psixoloq qeyd edib ki, aztəminatlı ailələrin uşaqları gündəlik məişət stresləri ilə üzləşir:
“Valideynlərin iş yükü çox olur, evdə oxuma mühiti olmur, psixoloji dəstək çatışmır. Bu, diqqəti toplamağı və öyrənmə prosesinə fokuslanmağı çətinləşdirir. Uşaqda pedoqoji baxımsızlıq və ya koqnitiv geriləmə varsa, psixoloji dəstək alınmalıdır.
Orta məktəb yaşında uşaqlar özlərini başqaları ilə müqayisə etməyə başlayır. İmkanlı ailələrin uşaqları nailiyyətlərini göstərdikcə, kasıb uşaqlarda gizli natamamlıq kompleksi yaranır. Bu isə yalnız nəticələrə yox, həm də sosial uyğunlaşmaya və emosional sabitliyə mənfi təsir göstərir”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər:
Kasıblıq Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.