EN

Səhiyyə Nazirliyinin Xüsusi Təyinatlıları Topçubaşov Mərkəzindən razılığım, istəyim, umduğum

News24 saytına istinadən ain.az xəbər verir.

Deyirlər, dost dar gündə tanınar. Təbii, heç kim istəməz dara düşsün və dar gündə də dostunu tanısın. Bizim nümunə isə bir qədər fərqli oldu. Dostlardan biri dara düşdü və özümüzə yeni dost qazandıq...

...Yox deyəsən, çox qəliz oldu. Yaxın dostlarımızdan birinin evdə elektrikli daşyonanla iş görəndə ehtiyatsızlıqdan ayağını kəsməsi xəbərini aldıq. Dəhşətli mənzərəydi: mişar ayağın yarısını qopartmışdı. Hamı “kəsilməlidir, başqa əlacı yoxdur” dedi. Cavan adamdı. Bu yaşda ayaqsız qalmağın nə demək olduğunu bilənlər bilir. Son ümid olaraq, el arasında “Topçubaşov xəstəxanası” kimi çağırılan Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə üz tutduq. Mən kitablardan oxuduğum, filmlərdən, tamaşalardan gördüyüm “tibbi konsilum”un necə toplaşdığını şahidi oldum. Təbii ki, biz iştirak eləmədiyimiz bu qısamüddətli həkim məsləhətindən sonra kəslilməli ayaq kəsilmədi, tikildi, xəstə reanimasiyaya yerləşdirildi, şükür indi vəziyyəti yaxşıdır. 

Dostların darlığı baxımından bura bir neçə dəfə yolum düşüb: jurnalist dostumuz rəhmətlik Səbuhi Məmmədli, Allah ömür versin, hamımızın “rəis” dediyi, keçmiş polis mayoru, Birinci Qarabağ Savaşının veteranı İsmayıl Həkimov daha çox yadımda qalıb. Rəis hətta ürəyini əməliyyat edən həkimə şeir də həsr eləmişdi. Elə o vaxtdan yazmaq istəyirdim, ancaq görünür yazım Azərbaycan elminin, səhiyyəsinin qollu-budaqlı simalarından olan Mustafa Topçubaşovun 130 illik yubileyi ilinə düşəcəkmiş. Olsun, həm Topçubaşovu yad edərik, həm də onun adını daşıyan Elmi Cərrahiyyə Mərkəziylə bağlı fikirlərimizi - razılığımızı, istəyimizi, umduğumuzu yazaram. 

Bu səhiyyə ocağı xüsusiləşdirilimiş bir mərkəzdir. Ona görə, hər dəfə M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən söhbət düşəndə Vətən Müharibəsində qazandığımız Zəfərdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin iştirakını, onların qələbədə rolunu xatırlayıram. Mənə elə gəlir, bu mərkəz də Səhiyyə Nazirliyinin xüsusi təyinatlı qüvvəsidir. Hə, burada çalışmaq, hər hansı əməliyyata girmək, xəstəni ayaq üstdə qoymaq, ürək, damar cərrahlığı şöbələrindən başlamış daxili orqanların ən müxtəlif cərrahiyyə, müalicə, poliklinika, qanköçürmə, laboratoriyalarında çalışmaq üçün həqiqətən xüsusu təyinatlı cərrah, həkim, tibb işçisi omalısan. Ona görə, cərrahi müxtəlif profilli 18 kliniki şöbə və 10 elmi bölmədə fəaliyyət göstərən 230 həkim, 200-dən çox orta tibb işçisindən elə xüsusi təyinatlı olaraq da iş tələb olunur. Yoxsa il ərzində 5 minə yaxın cərrahi əməliyyat yerinə yetirmək, 90 mindən çox vətəndaşın ambulator şəraitində müayinəsinin aparılması, onlara konsultativ xidmət göstərilməsinin öhdəsindən gəlmək çox çətin olardı. Ona görə, qəbul şöbəsindən başlayaraq Mərkəzin aparatında hər bir şöbənin əməkdaşları dəqiq çalışmalı, ən incə nüansı belə diqqətdən qaçırmamalıdır.

Yarandığı 1961-ci ildən müxtəlif adlarla fəaliyyət göstərən tibb ocağı indi Azərbaycan cərrahiyyəsinin həm tətbiqi, həm də nəzəri inkişafı üçün böyük işlər görür. Akademiklər Mustafa Topçubaşov, Zülfüqar Məmmədov, Cahangir Abdullayev, Cəlil Hüseynov, Böyükkişi Ağayev, professorlar Fuad Əfəndiyev, Nürəddin Rzayev, Fikrət Zərgərli kimi alimlərin qoyduqları irs bu gün də uğurla davam etdirilir. Bu baxımdan, Mərkəz təhsil prosesində aktiv iştirak edir. Ötən illər ərzində Cərrahiyyə Mərkəzində Azərbaycan Tibb Universiteti və Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun bazası qismində minlərlə yuxarı kursun tələbələri və respublikanın müxtəlif şəhər və rayonlarında çalışan həkimlər “Cərrahiyyə” ixtisası üzrə burada müvafiq təhsil almış və ixtisaslaşma kursları keçiblər. Səhiyyənin “Xüsusi təyinatlaları” hər il tibbi-konsultativ yardımın göstərilməsi üçün Respublikanın müxtəlif regionlarına ezam olunurlar. Bu aksiyalar zamanı rayon xəstəxanalarında çalışan həkimlərə praktiki və metodiki yardım göstərirlər. Deməli, Mərkəz təkcə sağaltmır, həm də səhiyyənin gələcəyinə kapital qoyur. Cərrahiyyə üzrə aparıcı elmi müəssisə kimi bu elm ocağı çoxşaxəli və çoxsaylı elmi tədqiat işləri aparmaqla yanaşı, Respublikanın müxtəlif tibb müəssisələrinə elmi və praktiki kadrlar hazırlamaq kimi missiyasını da yerinə yetirir. 

İnstitutda 119 elmi işçi çalışır. Onlardan 20-si professor və elmlər doktoru, 45-i isə tibb üzrə fəlsəfə doktorudur. Fəaliyyət göstərdiyi dövrdə ərzində Mərkəzdə 52 doktorluq, iki yüzdən artıq namizədlik dissertasiyası müdafiə edilib. Təbii ki, bu proseslərdə respublikada və xaricdəki nüfuzlu jurnallarda, elmi tədbirlərin toplularında dərc olunan tədqiqatların nəticələri, elmi konqreslərdə, konfranslarda çıxışlar da Azərbaycan cərrahiyyəsinin uğurudur. Mərkəzin əməkdaşları hər il yüzlərlə respublikada və xaricdə dərc olunan nüfuzlu jurnallarda və elmi tədbirlərin toplularında öz elmi tədqiqatların nəticələrini çap edirlər, elmi kongres, konfranslarda çıxış edərək layiqincə azərbaycan cərrahiyyə elmini təmsil edirlər. ECM – də çalışan həkim-elmi işçilərin sayı, professorlar və fəlsəfə doktoru olanların sayı kifayət qədər çoxdur. Mərkəzin nəşr etdiyi elmi işlər, lokal və xarici elmi jurnal və konfranslarda məqalələr geniş yer alır. Mərkəzdə “Cərrahiyyə “adlı elmi praktiki jurnal nəşr olunur, baş redaktoru Elmi Cərrahiyyə Mərkəzinin direktoru tibb eləmləri doktoru, professor Rauf Ağayevdir. O Rauf Ağayev ki ustad Həsən bəy Zərdabinin nəticəsidir. Həm həkim, həm də böyük bir nəslin davamçısıdır. Direktor kimi onun rəhbərliyi altında Mərkəzin strukturunda yenilənmə, şöbə fəaliyyətlərinin genişlənməsi və elmi – tədqiqat, tədris funksiyalarının inkişafı diqqətə çarpan sahələrdəndir. 2011-ci ildə Elmi Cərrahiyyə Mərkəzinin 50 illiyi ərəfəsində ölkə rəhbərinin göstərişi ilə klinika qısa müddət ərzində əsaslı təmir olunaraq müasir tibb müəssisəsinə çevrildi. Mərkəz müasir tibbi tələblərə tam cavab verən yüksək texnoloji avadanlıqlarla təchiz edildi, xarici ölkələrin aparıcı klinikalarında cərrahiyyənin müxtəlif sahələri üzrə ixtisaslaşma kursu keçmiş gənc mütəxəssislər klinikanın işinə cəlb olundular. Mərkəzin əsaslı təmirdən sonrakı açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev klinikanın rekonstruksiyası və təchizatını yüksək qiymətləndirərək qeyd etdi: “Bu onu göstərir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatlar, görülən işlər dünya səviyyəsində gedir. Hətta deyə bilərəm ki, biz artıq Azərbaycan standartlarından da danışa bilərik”. 

Elmi Cərrahiyyə Mərkəzinin kollektivi dövlətin və səhiyyənin bütün siyasi məsələlərində də fəal iştirak edir. Belə ki, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi uğrunda gedən 44 günlük Vətən müharibəsində Mərkəzin 35 əməkdaşı döyüş bölgələrinə ezam olunaraq yaralı əsgər və zabitlərimizə yüksək ixtisaslı peşəkar yardım göstərmişdilər. 117 yaralı döyüşçümüzə klinikanın şöbələrində ixtisaslaşmış cərrahi yardım göstərilib. Müharibə zamanı tibbi yardımım göstərilməsində fəal iştirakına görə kollektiv Azərbaycan Respublikası Müdafiə Nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Xalqımızın böyük qələbə gününü kollektiv hər il Mərkəzin girəcəyində öz təşəbbüsü ilə quraşdıqları xatirə stelası qarşısında əkillərin qoyulması ilə qeyd edir. Heç bir tibb müəssisəsində rastıma gəlməyən belə bir abidənin olması bir daha bu kollektivin öz ölkəsinə, müstəqilliyinə sadiq olmasının və vətənpərvərliyinin sübutudur. Xəstəxananın həyətinə gələnləri isə ilk qarşılayan 44 günlük Müharibəsində şanlı Zəfərimizin şərəfinə ucaldılmış dəmir yumruq abidəsidir! Mərkəz əməkdaşlarının Covid – 19 Pandemiya dövründə fəaliyyətini xüsusi qeyd etmək lazımdı. Belə ki, 250-dən çox həkim, tibb bacısı və kiçik tibb işçimiz Bakıda və Respublikanın rayonlarında yerləşən klinika və modul xəstəxanalarında koronovirus xəstələrinin müalicəsinə cəlb olunmuş və bunun öhdəsindən layiqincə gəlmişdilər. Azərbaycan Respublikasının səhiyyə sahəsinin inkişafı daim dövlətin diqqət mərkəzində olub. Səhiyyə Nazirliyinin rəhbərliyi və dəstəyi ilə Elmi Cərrahiyyə Mərkəzi bu gün ölkəmizin qabaqçıl müəssisəsi kimi qarşısında qoyulan əsas məsələrin həllini həyata keçirir, fəaliyyəti bir neçə istiqamətdə cəmlənir. Bu istiqamətlər əhaliyə yüksək tibbi xidmət göstərməklə yanaşı, yeni cərrahi üsulların və müasir texnologiyaların tətbiqi, regional səhiyyə müəssisələrinə elmi-praktik dəstəyin göstərilməsindən ibarətdir. Bu məqsədə nail olmaq və qarşıya qoyulmuş vəzifələri layıqıncə, yüksək səviyyədə icra etmək üçün, təbii ki, yüksəkixtisaslı peşakar mütxəssislərlə bərabər müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi və inkişaf etməsi tələb olunur. Bu baxımdan Mərkəzə daim Səhiyyə Nazirliyi tərəfindən dəstək verilir və köməklik göstərilir. Belə ki, son iki ilin ərzində Səhiyyə Nazirliyinin göstərişinə əsasən klinikaya yeni, müasir süni tənəffüs və narkoz aparatları, laparoskop, endoskoplar, angioqrafiya cihazı, doppler, rəqəmsal Rentgen, süni qan dövranı aparatları alınmışdır.

Ən diqqətəlayiq layihələrdən biri Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Elmi Cərrahiyyə Mərkəzində Plastik və Rekonstruktiv cərrahiyə şöbəsinin yaradılmasıdır. Bundan əlavə Elmi Cərrahiyyə Mərkəzinin elmi pedaqoji fəaliyyəti də Səhiyyə Nazirliyi ilə koordinasiyalı şəkildə həyata keçirilir. Mərkəz Azərbaycan Tibb Universitetinin klinik bazası kimi, tibb tələbələrinin praktik təcrübə qazanmasına və ixtisasartırma proqramlarında iştirak etməsinə şərait yaradır. Nəticə etibarilə Səhiyyə Nazirliyinin rəhbərliyi altında M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə fəaliyyəti ölkə səhiyyəsinin gücləndiriliməsində, bölgələrdə xidmət keyfiyyətinin artırılmasında və peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır. Bu əməkdaşlıq müasir səhiyyə sisteminin formalaşdırılmasında strateji əhəmiyyət kəsb edir. 

Bu gün akademik Mustafabəy Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi ötən illərdə görülən işlərin nəticələrindən qaynaqlanan qürur hissi ilə dövlət tərəfindən hər bir tibb müəssisəsi qarşısında qoyulan məqsəd və vəzifələri yerinə yetirir və gələcəyə böyük ümidlə baxır. Bu ümid ölkəmizin bütün tibb işçiləri kimi, burada çalışan əməkdaşların da daima hiss etdiyi ölkə rəhbərliyinin qayğısından irəli gəlir. Bu ümid ölkəmizin siyasi və iqtisadi gücündən qaynaqlanır

Bəli, qeyd etdiyimiz kimi, Mərkəz sadəcə bir tibb müəssisəsi deyil, - bu, cəmiyyətin sağlamlığını qoruyan təhlükəsizlik orqanıdır. Olkənin sərhədlərini qoruyan hərbçilər olduğu kimi insan orqanizminin sərhədlərini qoruyan da həkimlərdir. Bu mənada buranı xəstəliklərə qarşı mübarizə aparan, cəmiyyətin bioloji təhlükəsizliyini təmin edən bir “səhiyyə xüsusi xidmət orqanı” kimi çıxış edir. 

Təhlükəsizllik orqanının informasiya toplayıb analiz etdiyi kimi, bu müəsssisə də insan orqanizmlərinin sirlərini açır və təhdidləri əvvəlcədən müəyyənləşdirir. Ən əsası isə bu tibb müəssisəində fəaliyyət gizli deyil, amma səssizdir. Hər gün yüzlərlə həyatı xilas edən bu mərkəz bəzən heç görünmədən, heç eşidilmədən cəmiyyətin möhkəm və sağlam qalması üçün ön cəbhədə dayanır. Deməli, bura bir səhiyyə qurumu olmaqla yanaşı, həm də xalqın sağlamlıq təhlükəsizliyini təmin edən strateji bir “tibb qalasıdır.” Dost dara düşəndə ona yardım edər, hər pasiyentin ağrısını, qorxusunu, bəlkə də utandığı sirrini dinləyər. Burada hər söz, hər baxış bir diaqnostik siqnal kimi qəbul olunaraq dəyərləndirilər. Dostu darda qoymamaq üçün gecə-gündüz işləyər, əməliyyat masası üzərində aparılan hər bir müdaxilə, sanki dost üçün atılan bir qurtuluş addımıdır. Hər tikiş, hər dərman, hər nəfəs Elmi Cərrahiyyə Mərkəzinin “mən buradayam” deməsidir. Buranın həkimləri, tibb personalı ailələrin gözlərinə baxıb “hər şey yaxşı olacaq” deməyi bacarır. Bəzən bir həkimin sadə təbəssümü xəstəyə deyil, onun bütün yaxınlarına güvən verər. Çünki Mərkəz təkcə texnika, cihaz və əməliyyat deyil – bu, insanlığa xidmət edən bir dostluq sistemidir, adı böyük, məsuliyyəti daha da böyük bir ünvandır! 

Mən ondan bir xəstə kimi dərman, diaqnoz, ya da əməliyyat deyil, ilk növbədə ümid umuram. Elmi Cərrahiyyə Mərkəzində gözlədiyim, ağrıları anlayan bir həkim, peşəkarlıqla yanaşı insanlığı da unutmayan bir kollektivdir. Biz orada təkcə müalicə yox, diqqət, şəfqət və etibar görmüşük. Bəzən bir təbəssüm, bəzən bir ”narahat olma” cümləsi, bütün dərdlərin içində işıq olur. Çünki Mərkəz yalnız bir tibb müəssisəsi deyil, - bəziləri üçün son ümid, bəziləri üçün ilk qurtuluş yeridir. Tibb heyətinin savadı, məsuliyyətli münasibəti və xəstələrə göstərilən diqqət, həm yerli, həm də regionlardan müraciət edən vətəndaşların məmnunluğunu təmin edir.

Elmi Cərrahiyyə Mərkəzinin elmi, praktiki və pedaqoji fəaliyyəti də səhiyyə sahəsində mühüm töhfədir. Bu mərkəzə olan ictimai etimad, onun fəaliyyətinin səmərəli və etibarlı olduğunu bir daha təsdiq edir. Həyatda insanın ehtiyacı olduğu ən vacib şeylərdən biri - dara düşəndə bir dostun olmasıdır. Amma elə dostlar var ki, onlar səni sözlə yox, hərəkətlə yaşadar. M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi belə bir dostdur - səssiz, peşəkar, diqqətli və hər zaman hazır. O, lazım gələndə canla-başla mübarizə aparar, yaşamaq istəyənin yanında durub səni həyatda saxlamağa çalışar. Bu onun həm vəzifəsi, həm də vicdani borcudur. Bəzən dostluq təkcə bir telefon zəngi, bir mesaj, ya da bir gəliş deyil, - bəzən dostluq bir əməliyyat otağında yaşamaq uğrunda verilən bir mübarizədə görünər. Bura da elə bir dostdur ki, o, səninlə yanlız xoş günlərdə yox, ən çətin anlarda – həyatla ölüm arasında sıxışıb qaldığın məqamda səssizcə, lakin qətiyyətlə yanında dayanar. Bəlkə səsi az eşidilər, adı çox çəkilməz, amma etdiyi hər şey sənin sabahın üçündür. Çünki dostlar dara düşəndə, Mərkəzi sadəcə yardım etməz - o, səni ayağa qaldırar. Nəhayət, Elmi Cərrahiyyə Mərkəzi unutmaz. Hər pasiyent onun tarixində iz qoyar. Bir pasiyentin ayağa qalxması onun üçün xəstəlik üzərində qazanılan qələbədir. Elmi Cərrahiyyə Mərkəzi dar günün dostu olmağı sadəcə öhdəlik kimi yox, missiya kimi görür. Dost dara düşəndə yanlarında olar. Sakit, ancaq möhkəm. Elmlə silahlanmış, mərhəmətlə dolu bir şəkildə. Və hər şey bitəndə bircə şey deyər: “Biz buradayıq”. Hər zaman!

İlham TUMAS

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
3
news24.az

4Sources