EN

Məmurlar vətəndaşlara sayğısızlıq edir

Məmurlar

“Ötən həftə Milli Məclisin komitə iclasında deputat Səyyad Aranın səsləndirdiyi tənqid və iradlar tam haqlıdır”.

Bunu “Reytinq” qəzetinə açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şura üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, bəzi məmurların vətəndaşların şikayət və müraciətlərinə biganə yanaşması artıq normaya çevrilib.

Əli Orucov əlavə edib ki, yüksək vəzifəli məmurlar qalsın bir yana, hətta orta və aşağı vəzifəli məmurlar da vətəndaşlar üçün əlçatmazdır, onların qəbuluna düşmək mümkün deyil:

“Dövlət və hökumət idarələrində süründürməçilik, bürokratiya baş alıb gedir. Hər nazirin, idarə rəhbərinin onlarla müşaviri, köməkçisi, müavinləri, katibəsi var, üstəlik, hamısına dövlət büdcəsi hesabına hər cür imkan və şərait yaradılıb. Amma onların fəaliyyəti qənaətbəxş deyil. Deputatın hansısa nazirə, yaxud məmura yazdığı məktubuna və zənglərinə cavab verilmirsə, onda, təsəvvür edin ki, sıravi vətəndaşlara hansı münasibət bəsləyirlər. Ona görə də, vətəndaşlar ən bəsit problemlərin həlli üçün Azərbaycan prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etmək məcburiyyətində qalırlar. Halbuki on minlik məmur ordusu xalqın xidmətində durmalıdır. Onların ən birinci vəsifəsi vətəndaşları dinləmək, problemlərinin həllinə kömək etməkdir”.

Ə. Orucov hesab edir ki, ölkənin bu duruma düşməsində Səyyad Aranın da “xidməti” var: “Niyə? Çünki eyni komandadır, eyni partiyanı təmsil edirlər”.

AMİP təmsilçisi yaranmış problemdən çıxış yolunu fundamental islahatlarda, demokratik seçki və seçkili institutların gücləndirilməsində görür: “Problemin kökləri dərindir. Təcrübə də göstərdi ki, kadrları əvəzləməklə, kosmetik dəyişikliklərlə müsbətə və tərəqiyyə nail olmaq mümkün deyil. Heç kəsə sirr deyil ki, Azərbaycanda seçki sistemi bərbad haldadır. Hakimiyyət qolları arasında dəqiq sərhədlər və bölgü yoxdur. Hökumət xalqın seçdiyi parlamentə hesabatlı olmadığından parlamentarilərə də, xalqa da sayğısızlıq göstərir”.

Ə. Orucov əlavə edib ki, Azərbaycan prezidentinin tempinə uyğun gəlməyən təkcə bəzi nazirlər deyil, elə Milli Məclisin fəaliyyəti də həmin gündədir. “Prezidentin apardığı islahatlara, müasr dövrün çağırış və tələblərinə cavab verməyən parlament iki dəfə buraxılıb, növbədənkənar seçkilər keçirilsə də, tərkib demək olar ki dəyişmədi. Belə yanaşmaya məntiq acız qalır. Ölkədə Konstitusiyanın təkmilləşdirilməsinə ciddi zərurət var. Baş nazir vəzifəsi ləğv edilməli, Birinci vitse-prezidentin və parlamentin səlahiyyətləri artırılmalıdır. Dünyanın qabaqcıl olkələrində bu praktikadan uğurla istifadə edirlər”,- deyə müsahibimiz yekunlaşdırıb.

Xatırladaq ki, ötən həftə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Səyyad Aran bəyan edib ki, nazirlərin heç birinin fəaliyyət tempi ölkə başçısının tempinə uyğun gəlmir:

“Nazirlər ya telefon zənglərinə cavab vermirlər, ya da məktublarımıza gec cavab verirlər. Nəticədə bizim camaatla bağlılığımıza, onların suallarına, problemlərinə diqqətlə yanaşmağımıza maneə yaranır. Xalqla üz-üzə qalan, yaxası əldə olan deputatdır. Nə nazir, nə komitə sədri, nə də başqasıdır. Yaxşı, ay nazir, sənə məktub yazmışam, niyə cavab vermirsən? Yaxşı, sən çox mühüm işlərlə məşğulsan. Deputatın yazdığı məktub xalqın arzusu, istəyi və problemi ilə bağlıdır, cavab verməlisən. Deputatdan da keyfiyyətli və səmərəli şəraitə maliksən, niyə cavab vermirsən? Onlar da deyir ki, işimiz çoxdur. Axı, sizin köməkçiniz var. Axşam qayıdıb gələndə sənə zəng edən adamların, o cümlədən deputatların adını görürsən. Bəs bu köməkçilər nədən ötrüdür? Zəng edin, görün deputat nə istəyir? Bunu edə bilərsən? Milli Məclisin plenar iclaslarının birində onların adını çəkəcəyəm. Bizim hamımız xalqa görə nazirik, deputatıq, icra başçısıyıq və s. Sovet dövründən qalma bivec ənənə var. Məktuba bir ay ərzində cavab verirlər. Qərar qəbul edək ki, Azərbaycanda məktublara 10 gün ərzində cavab versinlər”,- deyə millət vəkili qeyd edib.

Nemət ORUCOV
Reyting.az
Chosen
7
1
reyting.az

2Sources