EN

Səidə Bəkirqızı televiziyaya qayıtmasından danışdı: ”Bu, hər kəsin istəyi ilə oldu”

"Space TV"dən işdən azad edildiyi barədə yayılan xəbərlərə baxmayaraq, tanınmış aparıcı Səidə Bəkirqızı yenidən efirə qayıdıb.

Musavat.com xəbər verir ki, bir neçə gün efirdə görünməyən jurnalist bu gün tamaşaçıların qarşısına çıxaraq "Xəbərin izində" verilişini təqdim edib.

Onun yenidən proqramın aparıcısı kimi fəaliyyətə başlaması tamaşaçılar və izləyicilər arasında da maraqla qarşılanıb.

Aparıcı bu barədə saytımıza açıqlamasında deyib ki, televiziyaya yenidən dəvət aldığı üçün qayıdıb:

"Bu, hər kəsin istəyi ilə oldu. İzləyicilər də efirə qayıtmağımı istəyirdilər. İndi izləyicilərin mənə olan etimadlarını doğrultmalıyam. Bir sözlə ifadə etsək, mən bu gün efirə lazımam. Tamaşaçılara haqsızlıq edə bilmərəm.

Verilişin formatında heç bir dəyişiklik yoxdur. Yenə də gördüklərimiz və eşitdiklərimizdən danışacağıq, faktları göstərəcəyik".

Qeyd edək ki, jurnalistin son günlər keçmiş məcburi köçkünlərlə bağlı işlətdiyi ifadələr ictimaiyyətdə geniş narazılığa səbəb olub. "Space TV" Səidə Bəkirqızının sözlərinə görə cəzalandırılıb. Belə ki, 13 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib, telekanalın efirində qanunvericiliyin pozulması faktı müzakirə edilib.

"Space TV" redaksiyası tərəfindən yayımda aparıcının çıxışının zorakılığa çağırış və təbliğ məzmunlu hissəsinin səsi məhdudlaşdırılsa da, efirə gedən parçada kifayət qədər pozuntu və nifrət nitqi halları büruzə vermişdir. Qeyd olunanları nəzərə alaraq, Audiovizual Şuranın üzvləri 16 sentyabr 2025-ci il tarixində həmin proqramın yayımı zamanından başlayaraq 6 saat müddətində (saat 08.00-dan 14.00-dək) "Space TV" kanalının yayımının dayandırılması haqqında yekdilliklə qərar qəbul ediblər. Bundan sonra aparıcı televiziyadan getdiyini bildirmişdi.

Şahanə Rəhimli
Musavat.com

Chosen
14
1
musavat.com

2Sources