EN

“Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizləri vasitəsilə Azərbaycandan 50-100 milyard dollara qədər ticarət axını keçəcək

BAKI, 22 sentyabr. TELEQRAF

Neft iqtisadiyyatında əsas çətinlik – və bu məsələdə Azərbaycan tək deyil – ondan ibarətdir ki, neft üzrə bilik, sadə dillə desək, “quyu qazmaq” bacarığıdır. Təəssüf ki, aparılan tədqiqatlar göstərir ki, dünyanın çox az sənayesi bu bacarığa ciddi ehtiyac duyur.

Teleqraf xəbər verir ki, bu barədə Harvard Universitetinin İnkişaf Laboratoriyasının (Growth Lab) aparıcı meneceri Tim Çeston Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, bu səbəbdən Azərbaycan iqtisadi diversifikasiya səylərinə çətin başlanğıc nöqtəsindən başlayır:

“Mən Azərbaycanla bağlı nikbinəm və bu nikbinliyin üç əsas səbəbini bölüşmək istəyirəm.

Birinci məqam – hökumət neft bumu dövründən necə istifadə etdi? Son 30 ildə adambaşına düşən gəlir üç dəfə artmaqla yanaşı, ölkə neft gəlirlərini ağıllı şəkildə yığa bildi. Hazırda Azərbaycan dünyanın ən aşağı dövlət borcuna malik ölkələrindən biridir və ÜDM-in 96 faizi səviyyəsində vəsaiti Dövlət Neft Fondu və Mərkəzi Bank vasitəsilə yığıb ki, bu da bir çox inkişaf etməkdə olan ölkələrin həsəd aparacağı mövqedir. Bununla yanaşı, yeni investisiyalar da artıq iqtisadiyyata daxil olub. Sumqayıt Kimya Sənaye Parkında etilen və propilendən yeni polimerlərin istehsalı başlayıb ki, bu da kimya sənayesində dəyər zəncirində irəliləməyə imkan yaradır.

“Growth Lab” tərəfindən hazırlanan iqtisadi mürəkkəblik indeksinə görə, ötən il bu göstəricidə ən çox irəliləyiş edən ölkə Azərbaycan olub. Yeni polimer istehsalı ilə bağlı sərmayələr kimya sənayesində yeni imkanlar açır və burada əsas dəyişdirici amil sərbəst iqtisadi zonaların çoxluğu hesab olunur. İxrac yönümlü zonaların beynəlxalq bazarda tələbkar alıcılarla işləməsi Azərbaycanın rəqabət qabiliyyətini artıraraq qeyri-neft ixracının genişlənməsinə imkan verə bilər”.

Çeston ikinci mühüm amil olaraq “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin yaratdığı imkanlardan danışıb:

“ Proqnozlara görə, bu dəhlizlər vasitəsilə Azərbaycandan 50 milyarddan 100 milyard dollara qədər ticarət axını keçəcək. Bu, əvvəllər rentabelli olmayan məhsulların ixracı üçün yeni imkanlar açaraq Azərbaycanın Avropaya, həmçinin 350 milyard dollarlıq idxal bazarına malik Mərkəzi Asiyaya çıxışını təmin edə bilər.

Üçüncü amil isə “yaşıl şoring” konsepsiyasıdır. Dekarbonizasiya prosesi fonunda gələcəkdə enerji-intensiv sənayelər artıq enerji qıtlığı olan bölgələrdə deyil, bol və ucuz yaşıl enerjiyə malik ölkələrdə formalaşacaq. Bu isə Azərbaycanın yaşıl enerji potensialını reallaşdırmaqla Avropa sənayesinin enerji-intensiv istehsal sahələrini cəlb edə biləcəyini göstərir. Beləliklə, enerji koridoru vasitəsilə yalnız resurs ixrac etmək deyil, həm də sənaye istehsalını ölkəyə gətirmək mümkündür”.

Chosen
3
teleqraf.com

1Sources