EN

Möhtəşəm qələbənin təməl daşı

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd etdiyimiz tarix qüdrətin təcəssümüdür. Ötən illərə kimi işğal altında olan ərazilərimizin işğal günlərini dərin hüznlə qeyd edirdiksə bu gün Xankəndidə atəşfəşanlıq, işğaldan azad olunan ərazilərdə məktəb zəngləri çalınır. İnsanlar öz doğma ata-baba yudrlarında rahat yaşayır. İnfrastruktur yenidən və müasir standartlara cavab verən şəkildə qurulur. 

2023- cü ilin oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Bayrağımızı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində ucaltmışdır. Tariximizə qızıl hərflərlə yazılan bu tədbir zamanı Cənab Prezident belə demişdir:
“Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.

Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək.

İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”
Əldə olunan Qələbə təkcə ölkəmizin suverenliyinin təmini deyil, eyni zamanda region üçün mühüm faktora çevrilir. Artıq regionda yeni dəhliz fəaliyyətə başlayacaq ki, bu da iqtisadi və siyasi baxımdan həm Azərbaycan həm də region ölkələri üçün əhəmiyyətlidir.  Vaşinqtonda imzalanan razılaşmada da Zəngəzur dəhlizi ilə bağlı bəndə imza atıldı və ABŞ bu dəhlizin reallaşmasında nə dərəcədə maraqlı olduğunu bir daha bəyan etdi. 
Bütün bunların fonunda bizə bu qüruru yaşatdığı üçün başda Cənab Ali Baş Komandan İlham Əliyev olmaqla Müzəffər Ordumuza minnətdarıq. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzu edirik. 

Mətanət Səfərli 
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Chosen
4
2
sabahinfo.az

3Sources