Bakı, 22 sentyabr, AZƏRTAC
Filippində minlərlə sakin regional hakimiyyət orqanlarının potensial “fəlakət” kimi qiymətləndirdiyi super qasırğanın yaxınlaşması ilə əlaqədar təxliyə edilib.
AZƏRTAC BBC telekanalına istinadla xəbər verir ki, küləyin sürəti saatda 230 kilometr olan “Raqasa” qasırğasının bazar ertəsi günü quruya çıxaraq Filippinin seyrək məskunlaşan şimal adalarına çatacağı, daha sonra isə Çinin cənubuna doğru hərəkət edəcəyi proqnozlaşdırılır.
Yaxınlaşan qasırğa səbəbindən paytaxt Manila da daxil olmaqla, ölkənin böyük regionlarında məktəblər və dövlət idarələri bağlanıb. Hakimiyyət orqanları genişmiqyaslı daşqınlar, torpaq sürüşmələri, evlərə və infrastruktura dəyəcək ziyan barədə xəbərdarlıq edir.