EN

Zəngəzur dəhlizi regionda sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir TƏHLİL

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın bütün sahələrində əldə olunan sosial, iqtisadi inkişaf əhalinin məşğulluğunun təmin olunması ilə yanaşı, rifah halının yaxşılaşdırılmasına da yeni imkanlar yaradır. Xüsusilə də, 44 günlük Vətən Müharibəsi ilə 30 il erməni işğalı altında olmuş ərazilərimizin azad edilməsi ölkəmizn iqtisadi imkanlarının daha da artmasına təkan olub. Yəni işğaldan azad edilən ərazilərdə yeni iş yerlərinin yaradılması, təbii ehtiyatlardan əhalinin maraqlarına uyğun istifadə olunması, təmir, tikinti işlərindən sonra əhalinin yurd-yuvasına qayıdışının təmin olunması Azərbaycanın dünya miqyasında nüfuzunun daha da artmasına, mövqelərinin möhkəmlənməsinə təkan olub. Bu baxımdandır ki, əksər beynəlxalq maliyyə institutları Azərbaycanın iqtisadi uğurlarını, qazandığı sosial nailiyyətləri yüksək qiymətləndirirlər. Uğurlu sosial-iqtisadi siyasət, icra olunan ardıcıl və məqsədyönlü dövlət proqramları yoxsulluğun kəskin şəkildə azalmasını şərtləndirməklə, ölkəmiz bu sahədə müsbət təcrübəsinə görə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə dair milli məsləhətləşmələrin aparılması üçün seçilmiş ölkələr sırasına daxil edilib.

Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Belə ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 20,3 faizdən 10,0 faizə azalıb və xarici dövlət borcunun ümumi dövlət borcu portfelində payı 94,9 faizdən 25,7 faiz bəndi azalaraq 2023-cü il 01 iyul tarixinə 69,2 faizədək endirilib. Dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə, daxili dövlət borclamasına üstünlük verilməsi ölkədə qiymətli kağızlar bazarının inkişafına yönəlmiş addımdır.

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın hədəflərinə uyğun olaraq, ötən dövr ərzində ölkədə qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi məqsədilə dövriyyədə olan dövlət istiqrazlarının həcmi davamlı olaraq artırılaraq, 812,2 milyon manatdan təqribən 7 dəfə çox artaraq cari tarixə 6 milyard manatadək genişləndirilib.Dövlət büdcəsi ilə bağlı atılan digər ən önəmli addımlardan biri büdcənin qeyri-neft gəlirlərinin 20,5 dəfədən çox artmasına nail olunması, büdcə gəlirlərində sektorun payının 50%-ə çatmasıdır.

Digər tərəfdən, 2003-2023-cü illərdə büdcə xərcləri hər il orta hesabla 21,2% artıb, dövlət büdcəsi həm sosial, həm də investisiya istiqamətli olub.Bu dövrdə müdafiə və milli təhlükəsizlik xərcləri 44,5 dəfə artaraq 6054,8 milyon manata, təhsil xərcləri 18,8 dəfə artaraq 4407,2 milyon manata, səhiyyə xərcləri 32,6 dəfə artaraq 1805,0 milyon manata, sosial müdafiə və sosial təminat xərcləri 20,2 dəfə artaraq 4315,9 milyon manata çatıb. Hazırda büdcə xərclərinin təxminən 1/3-i investisiyaların maliyyələşməsi məqsədlərinə yönəldilir. Ümumilikdə, 2003-2024-cü illərdə görülən işlərin iqtisadi inkişafa, makro-iqtisadi sabitliyə təkan verməsinin təsirini beynəlxalq maliyyə təşkilatlarının, kredit reytinq agentliklərinin reytinq qiymətləndirmələrində və ölkə üzrə proqnozlarında da müşahidə edə bilərik. Yeri gəlmişkən, “Fitch Ratings” beynəlxalq kredit reyting agentliyi tərəfindən bu il iyulun 26-da Azərbaycanın uzunmüddətli xarici valyutada reytinqinin bir pillə artırılaraq BBB-, yəni investisiya dərəcəli reytinqə yüksəldilməsi barədə qərar vermişdir.

Tranzit yükdaşımaların həcmi artır

Dünyada baş verən geosiyasi proseslər, müharibə və münaqişələr sabitlik adasına çevrilən Azərbaycanın nəqliyyat habına çevrilməsi üçün yeni fürsətlər yaradıb. Çindən Avropaya yüklərin ən qısa zamanda və hazırkı geosiyası proseslər fonunda təhlükəsiz çatdırılması üçün Orta Dəhliz ən ideal alternativə çevrilib.Hazırda Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. İndiki mərhələdə BTQ dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsinə start verilib. Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri eyni zamanda Şərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.

Ölkə üzərindən tranzit daşımalar sürətlə artır. Təkcə bu ilin ilk yarısında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16,4 milyon tona çatıb. Yüklərin 7,5 milyon tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 milyon tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3,9 milyon tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınıb.

Təbii ki, Zəngəzur dəhlizinin açılması ilə tranzit daşımaların artım həcmi yüksələcək. Nəzərə almaq lazımdır ki, 2020-ci il 10-da imzalanan üçtərəfli bəyanatın 9-cu maddəsinə əsasən Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir və tərəflər bu istiqamətdə yeni nəqliyyat kommunikasiyalarının inşasını təmin etməlidirlər.

Artıq Zəngəzur dəhlizinin açılmasına maneə olacaq heç bir problem qalmayıb. Avqustun 8-də Vaşinqitonda Azərbaycan Prezidenti İlham Əliyevin, ABŞ prezidenti Donalt Trampın və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə baş tutan yüksək səviyyəli görüş və imzalanan sənədlər, səsləndirilən Birgə Bəyənnamə Zəngəzur dəhlizinin çox yaxın vaxtlarda açılacağından xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının"Əl-Ərəbiyyə" telekanalına müsahibəsində əminliklə bildirdi ki, Zəngəzur dəhlizi yaxın zamanda fiziki infrastruktur – dəmir yolu və avtomobil yolu ilə istifadəyə veriləcək: “ Zəngəzur dəhlizi təkcə Şərq-Qərb deyil, həm də Şimal-Cənub nəqliyyat dəhlizi olacaq. Deməli, Rusiyadan Azərbaycana, İrana gedən Şimal-Cənub marşrutundan əlavə, bizim digər marşrutumuz da olacaq - Rusiyadan Azərbaycana, Ermənistana, Naxçıvana və İrana. Beləliklə, düşünürəm ki, bütün region üçün hamının udacağı vəziyyət yaranacaq və heç kim bundan itirməyəcək”.

Zəngəzur dəhlizi Naxçıvanın inkişafına yeni töfhələr verəcək

Zəngəzur dəhlizinin açılması ilə regionun inkişafında yeni dönüş yaranacaq. Bölgə dövlətləri dəhzin imkanlarından bəhrələnməklə tranzit yük daşınmalarının həcmini daha da artıracaqlar ki, bu da iqtisadiyyatın unkişafına yeni impuls vermiş olacaq. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan MR bir neçə istiqamət üzrə yeni uğurlara imza atacaq. Birincisi, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında quru əlaqələr qurulacaq. İkincisi, sosial-iqtisadi sahələrdə nailiyyətlər qazanacaq. Çünki Naxçıvan vasitəsi ilə Türkiyəyə oradan isə Avropaya tranzit yükdaşınmalarının tempi artacaq, əhalinin yeni iş yerləri ilə təmin olunmaları, ərazilərin dövrün tələblərinə uyğun təmir olunması, yeni yaşayış məskənlərinin, obyektlərin, park və xiyabanların salınması imkanları yaranacaq. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində keçirilən Prezident İlham Əliyevin Vaşinqton səfərinə həsr olunmuş xüsusi iclasda Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bildirdi ki, bölgəmizdə gedən proseslər, qlobal Orta Dəhliz yolunun əhəmiyyətli hissəsi olacaq Zəngəzur dəhlizinin reallaşması fonunda Muxtar Respublikanın sosial-iqtisadi inkişafı, logistika və bütün digər sahələrdə işlərin effektivliyinin daha da artırılması və çox qısa müddət ərzində hədəflərə çatılması üçün bütün qüvvəmizi səfərbər etməliyik: “Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ilin fevral ayında təməli qoyulmuş Horadiz-Ağbənd dəmiryolu xəttinin inşası sürətlə yekunlaşmağa doğru gedir. Bir neçə gün əvvəl Qars-İğdır-Aralıq-Dilucu dəmir yolu xəttinin təməli qoyuldu. Xüsusi vurğulamaq lazımdır ki, Prezident İlham Əliyevin beynəlxalq tranzit layihəsinin gerçəkləşməsi istiqamətində apardığı fəaliyyətin hədəfləri genişmiqyaslıdır”.

Fuad Nəcəfli inamlı şəkil də o fikri ifadə etdi ki, Zəngəzur dəhlizi açıldıqda Naxçıvanın tarixi izolyasiyası bitəcək, muxtar respublika təkcə ölkəmizin deyil, bütövlükdə regionun iqtisadi yüksəlişində aparıcı rol oynayacaq: “İllərlə davam edən gərginlik və blokadadan sonra Azərbaycanın əsas hissəsi ilə birbaşa, fasiləsiz və təhlükəsiz nəqliyyat yolunun işə düşməsi Naxçıvan Muxtar Respublikası üçün yeni imkanların qapısını açır. Yeni yollar, dəmiryolları, enerji xətləri və rəqəmsal bağlantının qurulması ilə Naxçıvan logistika mərkəzinə çevrilir. Bu həm də ticarət və turizm imkanlarının artmasına, yerli istehsalın ixrac potensialının güclənməsinə səbəb olacaq. Zəngəzur dəhlizi Naxçıvanın iqtisadi inkişafını maksimal sürətlə gercəkləşdiməyə xidmət edəcək. Açılacaq yollar ticarətin həcmini artıracaq, enerji və rəqəmsal kommunikasiya imkanlarını genişləndirəcək”.

Prezidentin Naxçıvan MR-da səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli onu da çıxışında qeyd etdi ki, Zəngəzur dəhlizi təkcə kommunikasiya xətti deyil – o, Azərbaycanın iqtisadi, siyasi və geostrateji gücünü artıracaq yeni mərhələnin başlanğıcı olub bütövlükdə regionda sülh, sabitlik və əməkdaşlıq üçün qlobal əhəmiyyətə malikdir: “Zəngəzur və Naxçıvan məsələsi ilə yanaşı, ölkəmizin inkişaf gündəliyində bir sıra prioritet istiqamətlər də var. Bütün respublikada olduğu kimi, Naxçıvan üçün də rəqəmsal və şəffaf idarəçiliyin, yəni – korrupsiyasız, vətəndaşa xidmət edən dövlət sisteminin inkişaf etdirilməsi, sosial rifah və məşğulluğun artırılıması – xüsusilə gənclərin dəstəklənməsi və yeni iş yerlərinin açılması, eləcə də ekoloji təhlükəsizlik sahəsində – su resurslarının qorunması, yaşıl enerji layihələrinin həyata keçirilməsi sahəsində fəaliyyət xüsusi önəm kəsb edir. Naxçıvan Muxtar Respublikası sakinləri blokadadan çıxmağı və Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə maneəsiz gediş-gəlişin təmin olunacağı günün artıq yaxınlaşdığından böyük sevinc hissi duyur. Naxçıvanda sahibkarlar artıq dəhliz boyu biznes layihələri üzərində düşünür. Naxçıvan Muxtar Respublikasında dövlət orqanları Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun şəkildə fəaliyyətini daha da intensivləşdirərək qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün səylərini göstərəcək. Azərbaycan qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Bunun əsasında Prezident İlham Əliyevin uzaqgörən siyasəti dayanır. Bu gün biz hər bir sahədə fəaliyyətimizi həmin strateji kursa uyğun qurmalı, birlik və həmrəylik içində çalışmalıyıq. Zəngəzur dəhlizi Azərbaycan üçün yeni dövrün başlanğıcı, Naxçıvan üçün isə tarixi təcridin sonu olacaq. Çıxışımı bir fikirlə yekunlaşdırmaq istəyirəm: Zəngəzur dəhlizi təkcə yol deyil – Azərbaycanın bütövlüyünün və gücünün rəmzidir”.

Naxçıvanın iqtisadi inkişafında uğurlu nəticələr əldə olunur

Araşdırmalarımıza əsasən qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası son illər daha böyük iqtisadi, sosial inkişafa nail olub. Daxili görünüşü daha da dəyişən Naxçıvanın ətraf şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq, bərpa, təmir işləri həyata keçirlib. Bu baxımdan əvvəllər Muxtar Respublikanı tərk edən insanlar artıq geri qayıtmağa və öz yurd-yuvalarında yaşayışları davam etməkdədir. Bu da onu təsdiq edir ki, Prezidentimiz, Fateh Sərkərdə İlham Əliyevin həyata keçirdiyi siyasət yerlərdə düzgün və əsasla formada icra olunur. Məhz bunun nəticəsidrr ki, 2025-ci ilin son 7 ayı ərzində ümumi daxili məhsul istehsalı 927 milyon 298 min 100 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4,8% artım deməkdir. Bu artım təkcə iqtisadi fəaliyyətin genişlənməsini deyil, həm də regionun istehsal və xidmət infrastrukturunun daha effektiv işlədiyini göstərir.Əhalinin hər nəfərinə düşən ÜDM 4,3% artaraq 1967,1 manata yüksəlib. Bu rəqəm adambaşına düşən gəlirin real olaraq artdığını, iqtisadi inkişafın əhalinin rifahına müəyyən dərəcədə müsbət təsir göstərdiyini ifadə edir. Əhalinin sayında baş verən artım fonunda belə göstəricinin yüksəlməsi, iqtisadiyyatın daxili dayanıqlılığının güclü olduğuna işarədir.

2025-ci ilin yanvar-iyul aylarında sənaye məhsulu istehsalının həcmi 297 milyon 565 min 100 manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 14%-lik yüksəliş deməkdir. İstehsal olunan sənaye məhsullarının 82,9%-i malların, 17,1%-i isə xidmətlərin payına düşüb ki, bu da iqtisadiyyatın real sektorunun hələ də əsasən maddi istehsala söykəndiyini göstərir.

Sektorlar üzrə pay bölgüsü isə iqtisadi strukturun konturlarını aydın göstərir:Mədənçıxarma sənayesi – 0,1%, Emal sənayesi – 77,9%, Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı – 19,3%, Su təchizatı, tullantıların təmizlənməsi və emalı – 2,7%, Bu bölgü göstərir ki, Naxçıvan sənaye sektorunda təbii resursların hasilatına deyil, onların emalına və enerji sektorunun inkişafına üstünlük verir. Emal sənayesində payın bu qədər yüksək olması, daxili bazarda istehsal potensialının genişlənməsi və ixrac imkanlarının artması üçün baza yaradır.

İnvestisiya göstəriciləri iqtisadi inkişafın uzunmüddətli dayanıqlılığı üçün əsas amillərdən biridir. 2025-ci ilin ilk yeddi ayında əsas kapitala yönəldilən vəsaitin həcmi 118 milyon 423 min 900 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 45,9% çoxdur. Bu vəsaitin 88 milyon 214 min 600 manatı - yəni 74,5%-i tikinti-quraşdırma işlərinə sərf edilib. Bu sahədəki artım 35,2% təşkil edir. Bu, regionun infrastruktur potensialının yenilənməsi, yeni istehsal müəssisələrinin, sosial obyektlərin və mühəndis-kommunikasiya şəbəkələrinin genişləndirilməsi üçün əhəmiyyətli zəmin yaradır.Bu kimi faktlar təsdiq edir ki,

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı 2025-ci ilin ilk yeddi ayında həm həcmi, həm də struktur baxımından inkişaf trayektoriyasını qoruyub. Söz yox ki, Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın iqtisadi inkişafında daha müəkəmməl və dinamik nəticələr əldə olunacaq.

İLHAM ƏLİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
8
1
sesqazeti.az

2Sources