Müğənni Almaxanım Əhmədlinin yeni “Ürəyim” klipi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Sənətçinin həyat yoldaşı ilə kamera qarşısına keçməsi izləyicilərin bir qisminin xoşuna gəlsə də, digərləri onu tənqid atəşinə tutublar.
Şərhlərdə müğənninin əvvəlki “ağır obrazını” itirdiyi, getdikcə şou-biznesə daha çox qarışdığı vurğulanır. Xüsusilə, onun şəxsi həyatını tez-tez gündəmə gətirməsi bəzi izləyicilərdə narazılıq doğurub.
Maraqlıdır, sənətçinin bu qədər sərt reaksiyalara tuş gəlməsinin səbəbi nədir?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Nadir Qafarzadə bildirib ki, burada təəccüblü heç nə yoxdur:
“Burda nə var ki? Nə camaatın ərini əlindən alıb, nə də ailəsini dağıdıb. Öz ailəsidir, paylaşır. Burada qəribə heç nə yoxdur. Əyri-əskik fikir səsləndirən hər kəs girsin “TikTok”a orada baş verənlərə münasibət bildirsin. Orda olanları qınasınlar. Sosial şəbəkələrdə tərbiyəsizlik, əxlaqsızlıq baş alıb gedir. Almaxanım halalca həyat yoldaşı ilə klip çəkdirib. Nə edib ki? Cəmiyyətə təqdim etdiyi də öz ailəsidir, öz övladıdır. Yaxşı şeyi göstərmək, təqdim etmək lazımdır. Nümunəvi ailələrin təbliğ olunmasında qəbahətli heç nə yoxdur. O qızın sənəti də var, abır-həyası da. Bunu sadəcə alqışlamaq lazımdır”.
Sənətçi həmçinin əlavə edib ki, Almaxanımı tənqid edənlərin əksəriyyəti xoşbəxt insanları qəbul edə bilmir:
“Üzr istəyirəm, gedib ora-burasını göstərənlərə, ev dağıdanlara, özünü açıb-buraxanlara, pozğunluğu təbliğ edənlərə elə xoş sözlər yazırlar ki, adam mat qalır. Onlarla bunu müqayisə edib görsünlər ki, fərq nədədir. Paxıllar onsuz da hər zaman olub. Tənqid edənlər də pis söz yazmaq üçün bəhanə axtaranlardır. Bu da hər zaman olacaq. Həmin insanlar xoşbəxt olan adamları qəbul etmirlər. Gözləri yaxşı şeyləri götürmür.
Onlar tənqid adı altında təhqir etməklə məşğuldurlar. Özləri xoşbəxt olmadıqları üçün digərlərinin bədbəxtliyinə sevinirlər. Almaxanım da ailəsinin yanında, ağlı başında olan qızdır. Gözəl də sənəti var. Oturuşunu, duruşunu bilən biridir. Özü də yaxşı ailənin qızıdır. O pis nəyisə təbliğ edə bilməz. Mənfi düşüncədə olan insanlar hər yerdə var, hər zaman da olacaqlar”.
"Cebheinfo.az"