EN

Taekvondo millimizin baş məşqçisi: “Məqsədimiz dünya çempionatında uğur qazanmaqdır” - ÖZƏL MÜSAHİBƏ

Azərbaycanın taekvondo üzrə milli komandası “Polish Open” beynəlxalq turnirində uğurla çıxış edərək bir qızıl və iki bürünc medal qazanıb.

Turnirdən sonra yığmanın baş məşqçisi Məmməd Abdullayev İdman.biz-ə müsahibə verib.

– Minayə Əkbərova ardıcıl ikinci turnirdə qalib gəldi. Bu, qadın taekvondosunda yeni liderin ortaya çıxması deməkdir?

– Mən bunu “yeni lider” kimi xarakterizə etməzdim. Minayənin 24 yaşı var və uzun müddətdir millidə çıxış edir. Daim yaxşı nəticələr göstərib. Sadəcə, o, bəzən Patimat Abakarova və Fəridə Əzizovanın kölgəsində qalıb. Amma nailiyyətləri də az deyil – Avropa çempionatının bürünc, İslam Oyunlarının gümüş medalçısıdır.

– Noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək İslam Oyunları ilə bağlı nə deyə bilərsiniz?

– Hələlik bütün diqqətimizi oktyabrda Çində keçiriləcək dünya çempionatına yönəltmişik. Noyabr barədə danışmaq üçün tezdir.

– Komanda bu yarışlara nə qədər hazırdır? Nəzərə alsaq ki, son dünya çempionatında, Bakıda biz uğursuzluğa düçar olduq və medalsız qaldıq…

– Mən proqnoz verməyi sevmirəm və bəhanə gətirməyi də düzgün hesab etmirəm. Amma onu deyim ki, kişilərdən ibarət komandanın lideri, Olimpiya Oyunlarının gümüş medalçısı Qaşım Məmmədov hələ də ağır zədədən sonra bərpa prosesini keçir. Buna baxmayaraq, həm oğlanların, həm də qızların medal şansı var.

– Son dəfə dünya çempionatında qızıl medalı Milad Harçəqani 2019-cu ildə qazanıb. 2023-cü ildə Bakıda isə ümumiyyətlə medalsız qaldıq. Bəlkə artıq konkret hədəf qoymaq lazımdır?

– Məqsəd birdir – mümkün qədər yaxşı çıxış etmək. Biz dünya çempionatında uğur qazanmaq və medal əldə etmək üçün bütün gücümüzü səfərbər edəcəyik. Ən azı, evdə keçirilən çempionatda yaşadığımız uğursuzluğu unutdurmaq istəyirik.

Vüqar Vüqarlı, İdman.biz

Chosen
35
1
idman.biz

2Sources