Azərbaycanda vətəndaşlar götürdükləri krediti vaxtından əvvəl bağladıqları halda belə, onlardan tam faiz tələb olunur. Hərçənd, dünyanın müxtəlif ölkələrində erkən ödəniş zamanı faiz tutulmur. Bəs Azərbaycan bu təcrübədən faydalana bilərmi?
Bu barədə KONKRET.az-a Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov açıqlama verib.
Onun sözlərinə görə, banklar kredit verərkən gəlir proqnozlaşdırdıqları üçün müştəri borcu vaxtından əvvəl ödəsə belə, faizlərin tam şəkildə ödənilməsini tələb edirlər:
“Bu, əksər hallarda kredit müqaviləsində öz əksini tapır. Amma ədalətsiz yanaşmadır. Hesab edirəm ki, Mərkəzi Bank sözügedən məsələyə xüsusi diqqət yetirməli, qanunvericilik tərəfdən isə millət vəkilləri bunu qabartmalıdır”.
Ekspert bildirib ki, dünya praktikasında belə bir tətbiq yoxdur:
“Avropa ölkələrində, məsələn Fransada, vaxtından əvvəl ödəniş edilirsə, yalnız həmin aylar üzrə faizlər hesablanır, maksimum 1-2 faiz əlavə vəsait tutulur. ABŞ-da isə fərqli praktika mövcuddur , müştəri vaxtından əvvəl ödədikdə əsas borcu və erkən ödəniş cəriməsini ödəyir. Bu cərimə təqribən 3-4 faiz təşkil edir. Rusiyada, Gürcüstanda və Türkiyədə də yalnız həmin ayadək hesablanan faizlər ödənilir, qalanları silinir”.
Asif İbrahimov qeyd edib ki, Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündür:
“Ən azından ABŞ praktikasını tətbiq etmək olar. Erkən ödəniş üçün müəyyən cərimə müəyyənləşdirilsin, amma müştəri tam faiz ödəmək məcburiyyətində qalmasın. Təəssüf ki, banklar proqnozlaşdırdıqları mənfəətdən kənara çıxmaq istəmədikləri üçün buna getmirlər”.
Aynurə İsmayıl
KONKRET.az