Lakin 1 ay 1 gündür ki, Yelo bank hesabına köçürülən vəsaiti geri qaytarmaqdan, zəmanət məktubu ilə üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır. Bank rəhbərliyi açıq-aşkar zəmanətdən yayınmağa çalışır, Bakı Apellyasiya Məhkəməsinin qərarını saya salmır. Bu, "MTN işi"ndə illərlə incidilmiş, haqqı tapdanmış insanların pulu, onların taleyi ilə bağlı məsələdir. İndi həmin zərərçəkmişlər ikinci dəfə ədalətsizliklə üz-üzə qalıblar. Zərərçəkmişlər deyirlər ki, bank rəsmi şəkildə zəmanət veribsə, məhkəmə qərarı da varsa, amma pul yenə də qaytarılmırsa, bu artıq adi mübahisə yox, korrupsiya əməli, cinayətidir.
Bu səbəbdən də onlar Baş prokuror Kamran Əliyevə və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə rəsmi müraciət ediblər. Müraciətdə Yelo bankın mərkəzi ofisində antikorrupsiya əməliyyatı keçirilməsi xahiş olunur. Bundan əlavə, zərərçəkmişlər artıq Yelo bank rəhbərliyinə qarşı məhkəmə iddiası hazırladıqlarını və hər gecikmə gününə görə 10 min manat təzminat tələb etdiklərini açıqlayıblar. Sual edirlər ki, Azərbaycan məhkəmələrinin, icra orqanlarının qərarlarını icra etməyən, öz zəmanət məktubunu saya salmayan bir bankın bu davranışı hansı hüquqi dövlət prinsipinə sığır?
Ümid edirlər ki, hüquq-mühafizə orqanları dərhal hərəkətə keçməli, bu məsələyə hüquqi qiymət verəcəklər.
Qeyd edək ki, Mövlam Şıxəliyev MTN İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə şöbə rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov, şöbə rəisinin müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunublar. İttihamda bildirilib ki, Mövlam Şıxəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edərək alıb, həmçinin səlahiyyət həddini aşmasında və sübutların saxtalaşdırmasında da təqsirli bilinib. 21 sentyabr 2022-ci ildə, iş üzrə Bakı Hərbi Məhkəməsində çıxarılıb. 2023-cü ilin aprelində isə Mövlam Şıxəliyev general-mayor, digərləri polkovnik rütbələrindən məhrum edilməklə əsgər rütbəsinə endiriliblər.
Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən keçmiş şöbə rəislərindən Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 2023-cü ilin sentyabrında Mövlam Şixəliyev və nazirliyin istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovla bağlı hökmdən verilmiş protest və şikayətlər üzrə qərar vermişdi. Qərara əsasən, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb. Hakim İlqar Murquzovun səsləndirdiyi qərara əsasən prokurorun verdiyi protest və tərəflərin şikayətləri əsassız hesab olunaraq rədd olunmuşdu. Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti təqdim edən Mövlam Şıxəliyevlə suç ortaqları bəraət istəyirdilər. Bundan başqa, Mövlam Şıxəliyevin ailə üzvləri də, prokuror da, iş üzrə zərərçəkənlər də apellyasiya instansiyasına şikayətlərini təqdim etmişdilər. Mövlam Şıxəliyevlə tabeliyində işləmiş, onunla birgə mühakimə olunan şöbə rəislərinin, dövlət ittihamçısının, zərərçəkənlərin narazı qaldığı qərardan Ali Məhkəməyə kassasiya şikayəti vermişdilər. İş üzrə ibtidai istintaq zamanı Mövlam Şıxəliyev və ailə üzvlərinin - həyat yoldaşı Aybəniz Şıxəliyeva, oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyevanın adına olan, 7 milyon manatdan çox dəyəri olan əmlakların üzərinə həbs qoyulmuşdu. Bakı Hərbi Məhkəməsində çıxarılan hökmlə Mövlam Şıxəliyevin ailə üzvlərinə məxsus əmlaklar geri qaytarılıb. Bu isə təxminən 3 milyon 500 min manatlıq əmlak deməkdir. Şıxəliyevin ailə üzvlərinə qaytarılan əmlaklar arasında Bakının mərkəzində - "Sahil" metrostansiyasının üstündəki binada 8 mənzil, Fəvvarələr meydanında, Nizami küçəsində, Ağdaşda evlər, obyektlər, Novxanıda bağ evi və başqa əmlaklar var. Bakı Hərbi Məhkəməsinin hökmündən zərərçəkmişləri narazı salan əsas məqam da məhz bu idi.
Onlar Mövlam Şıxəliyevin ailə üzvlərinin adına olan, üzərinə həbs qoyulmuş əmlakların əhəmiyyətli bir hissəsinin geri qaytarılmasından narazı idilər. Baş Prokurorluq da bu qərardan narazı idi, cinayət yolu ilə əldə olunan əmlakların müsadirəsi tələb olunurdu. Zərərçəkənlər vaxtilə MTN-də onlardan və yaxınlarından hədə-qorxu ilə alınmış pulların geri qaytarılması tələbi ilə Bakı Hərbi Məhkəməsində baş tutan prosesin əvvəlində mülki iddialar qaldırmışdılar. Bununla yanaşı, Mövlam Şıxəliyevin ailə üzvlərinin də cinayət yolu ilə əldə olunmuş əmlakların leqallaşmasında iştirak etdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunmaları üçün vəsatətlə çıxış etmişdilər. Məhkəmə vəsatətləri baxılmamış saxlasa da, zərərçəkənlərdən mülki iddia qaldırmış 16 nəfərin iddiasını təmin edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31