EN

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda mühüm sənədlər imzalanıb

1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmiz və bölgəmiz üçün çox önəmli bir dövrə təsadüf edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Forum çərçivəsində keçirilən brifinqdə deyib.

Nazirin sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəErmənistan Respublikasının baş naziri Nikol Paşinyanın avqustun 8-də Ağ evdə imzaladığı sənədin məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz və daha geniş bölgədə iqtisadi fəaliyyət və fəallığın artırılması üçün imkanlar genişlənməkdədir.

"Bugünkü Forumun iştirakçılarının sayına, keyfiyyətinə, həm dövlət sektoru, həm də korporativ iştirakçıların siyahısına nəzər saldıqda Azərbaycanda və Azərbaycanla biznesin həyata keçirilməsi üçün marağın hansı səviyyədə müşahidə edildiyinin şahidiyik. Bu, təsadüfi deyil, çünki siyasi nöqteyi-nəzərdən Forum cənab Prezident İlham Əliyevin himayəsi altında həyata keçirilir. Digər tərəfdən, bu, Azərbaycanın geoiqtisadi rolunun getdikcə artmasının bir təzahürüdür",- Mikayıl Cabbarov qeyd edib.

Nazirin sözlərinə görə, Forum ənənəvi tədbir olacaq və bu tədbirin hər il ilkin olaraq sentyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulur.

Nazir Forumun birinci günündə imzalanmış bir sıra vacib kommersiyasənədləri və layihələrinə toxunub və onların arasında Bakı şəhərində Birləşmiş Ərəb Əmirliklərinin investorları tərəfindən həyata keçirilən daşınmaz əmlak layihəsini xüsusi olaraq vurğulayıb: “Bu, bir neçə milyard dollarlıq investisiya dəyəri olan bir layihədir. Bununla yanaşı, ölkəmiz və bölgəmizdə ilk dəniz suyunun duzsuzlaşdırılmasını həyata keçirən təsisatın yaradılması barədə Səudiyyə Ərəbistanını təmsil edən investisiya şirkəti ilə imzalanmış sənədləri və bir sıra digər kommersiya layihələrini xatırlatmaq istərdim. Yalnız Forumun birinci günündə imzalanmış sənədlərin və layihələrin ümumi dəyəri 5,5 milyard ABŞ dollarından artıq olan bir məbləğə bərabərdir. Sabah Forumun ikinci günündə bir sıra digər vacib sənədlər imzalanacaq. Onlar da həm Azərbaycanda, həm də Azərbaycandan kənarda ölkə şirkətləri tərəfindən həyata keçirilən iqtisadi və investisiya layihələrini əhatə edəcək",- Mikayıl Cabbarov qeyd edib.

Chosen
5
1
vergiler.az

2Sources