Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İKAO) müraciət edərək təyyarə ehtiyat hissələri və rus aviaşirkətlərinin marşrutları ilə bağlı tətbiq edilən sanksiyaların yumşaldılmasını istəyib.
Musavat.com xəbər verir ki, Moskvanın bu müraciəti ABŞ-ın 11 sentyabrda Belarusun “Belavia” aviaşirkətinə tətbiq etdiyi sanksiyaları ləğv etməsindən sonra edilib.
“Belavia”ya qarşı sanksiyalar 2023-cü ilin avqustunda – Minsk Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsini dəstəklədikdən sonra tətbiq olunmuşdu.
Avropa İttifaqı və digər Qərb ölkələri də müharibənin başlanmasından dərhal sonra Rusiya aviasiyasına qarşı sanksiyalar elan edib.
Rusiya İKAO-ya təqdim etdiyi sənədlərdə qeyd edib ki, “qanunsuz məcburi tədbirlər milliyyət və vətəndaşlıqdan asılı olmayaraq insanların hərəkət azadlığını pozur”.
Moskva həmçinin vurğulayıb ki, İKAO siyasi motivli diskriminasiya və məcburi tədbirlərin qarşısını almaq üçün mümkün bütün addımları atmalıdır.
Sənədlərdə əlavə olaraq Rusiyanın hava məkanını bağlayan 37 ölkə, uçuş yararlılıq sertifikatlarının dayandırılması, təyyarələrin texniki xidmətinə və sığortalanmasına qoyulan qadağalar da tənqid olunub.
Musavat.com