EN

Bakıda ödənişli yollar tıxacın artmasına səbəb ola bilər Nəqliyyat eksperti

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev bildirib ki, ödənişli zonalar sistemi inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycanda da tətbiq olunacaq.

Ödənişli zonaların tətbiqi Bakı və digər şəhərlərdə tıxacların azaldılmasına və ictimai nəqliyyatın inkişafına hansı real təsirləri göstərə bilər? Bu sistemin sosial və iqtisadi baxımdan vətəndaşlara yükü nə qədər olacaq?

Redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev qeyd etdi ki, bu mövzu indi hamını maraqlandırır:

"Əslində, vətəndaş baxımından bunun heç bir xeyri olmayacaq. İnkişaf etmiş ölkələrdə belə sistem mövcuddur, amma tıxacın qarşısını almağa əhəmiyyətli təsir göstərməsi şübhəlidir. Tələb olunan şəxslər onsuz da ödəniş edərək hərəkət edəcəklər, amma orada yaşayan və işləyən insanların nəzərə alınması vacibdir. Hal-hazırda da bu prinsiplər tətbiq olunur: məsələn, bəzi yerlərdə "giriş qadağandır" nişanı olan əraziyə heç kim daxil ola bilmir, amma "hərəkət qadağandır" nişanı olan ərazidə yaşayan və işləyən şəxslər problemsiz daxil ola bilirlər və onlara cərimə tətbiq edilmir. Yəni ödənişli zonalar məsələsində orada yaşayan və işləyənlər üçün ödəniş minimal və ya tətbiq edilməməlidir".

Müsahibimiz bildiridi ki, ödənişli zonaların müsbət tərəfi odur ki, yığılan vəsait ictimai nəqliyyata yönələcək:

"Bu, ölkənin şəhərlərində ictimai nəqliyyatın inkişafını təmin edəcək, sahibkarlar və dövlətin balansındakı avtobus qarajları daha yaxşı idarə olunacaq. Çünki ictimai nəqliyyat özü-özünü tam ödəyə bilmir, bu yönümlü subsidiya müsbət addımdır. Ancaq bunun başqa müsbət cəhətlərini görmürəm. Ödənişli zonalar tıxacın qarşısını effektiv şəkildə ala bilməyəcək. Əksinə, ərazidə avtomobillər nisbətən azalsa da, digər yollar və qıraq hissələrdə tıxac artacaq. Ödəniş üsulu da vacibdir: aylıq abonə sistemi tətbiq oluna bilər, yaxud giriş-çıxışda ödəniş ediləcək. Birdəfəlik ödəniş zamanı isə, kartla və ya nağd ödəniş prosesi saniyələrlə gecikmə yaradaraq tıxacın artmasına səbəb ola bilər".

Ekspert əlavə etdi ki, avtomobillərin sayı isə günü-gündən artır, bu tendensiya davam edəcək və əvvəllər avtomobil sürənlərin əksəriyyəti kişilər idisə, indi xanımlar da yolları fəal şəkildə istifadə edir:

"Bu da tıxac problemini daha da aktuallaşdırır. Nəticə olaraq, ödənişli zonalar tıxacdan azad olmaq üçün əsas çıxış yolu deyil. Ən səmərəli həll yolu iş yerlərinin rayonlar üzrə çoxaldılması və insanların yaşadıqları ərazilərdə işləmələrinə şərait yaratmaqdır. Bu, tıxacın qarşısını almağın bir nömrəli səbəbi hesab olunur", - deyə Adil Nəbiyev sonlandırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
redaktor.az

2Sources