EN

Möhtəşəm Azərbaycan Qran-prisi başa çatdı

Bakı 2030-cu ilədək "Formula-1"ə evsahibliyi edən şəhərlər sırasındadır

Dünyada avtomobil həvəskarlarının əsas bayramı hesab edilən "Formula-1" Azərbaycan Qran-prisi başa çatdı. Azərbaycan sayca 9-cu dəfə bu möhtəşəm yarışa uğurla evsahibliyi etdi. Dünya növbəti dəfə azərbaycanlıların mehribanlığına, qonaqpərvərliyinə, ölkəmizin qədim tarixinə, füsunkar təbiətinə, mentalitetinə şahidlik etdi. 

Çoxlu sayda siyasi, mədəni, idman və digər tədbirlərin mötəbər ünvanına çevrilən Bakı növbəti beynəlxalq tədbirə layiqincə evsahibliyi etməklə dünyanın diqqət mərkəzində oldu. "Formula-1" Azərbaycan Qran-prisi ilə bağlı Bakıya gələn hər kəs Azərbaycanın inkişafını, xalqımızın qonaqpərvərliyini, zəngin mədəniyyətini öz gözləri ilə gördü. Bütövlükdə bu mötəbər tədbir Azərbaycanı növbəti dəfə beynəlxalq aləmə daha yaxından tanıtdı. 

Sentyabrin 19-da başlayan yarışların sonuncu günü həyəcanlı keçdi. Sentyabrın 21-də Qran-prinin açılış mərasimi baş tutdu. Mərasim Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı. Açılışdan sonra "Formula-1" Azərbaycan Qran-prisi 2025 start götürdü. "Formula-1" yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə apardı. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurdular. 

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsi isə İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen Qran-prinin qalibi oldu. Corc Rassell ("Mercedes") ikinci, Karlos Saynz ("Uilliams") üçüncü oldular. Sonra "Formula-1" Azərbaycan Qran-prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq, Böyük Britaniya və Niderlandın Dövlət himnləri səsləndirildi. Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim etdilər.

Xatırladaq ki, builki dünya çempionatına martın 14-16-da Avstraliya Qran-prisi ilə start verilib. Sonrakı mərhələlər Çin, Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ (Mayami), İtaliya (İmola), Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Belçika, Macarıstan, Niderland, İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.

Beləliklə, 17 Qran-pridən sonra pilotların siyahısında "McLaren"də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 299 xalla ikinci, Maks Ferstappen 255 xalla üçüncüdür. Konstruktorlar Kubokunda isə sıralamaya 623 xalla "McLaren" komandası başçılıq edir. "Mercedes" 290 xalla ikinci, "Ferrari" 286 xalla üçüncü sırada yer alıblar. Sonrakı pillələrdə "Red Bull" (272), "Uilliams" (101), RB (72), "Aston Martin" (62), "Kick Sauber" (55), "Haas" (44), "Alpine" (20) komandaları qərarlaşıblar.

Beləliklə, qarşıya qoyulmuş vəzifə - idman tədbirinin tələb olunan səviyyədə təşkili və onun iştirakçılarının ədalətli mübarizə aparması üçün lazımi şəraitin yaradılması uğurla icra olundu. Bakı Şəhər Halqası əməliyyat şirkəti əlaqədar dövlət orqanları ilə sıx əməkdaşlıq şəraitində idman tədbirini ən yüksək səviyyədə təşkil etdi, "Formula-1" komandalarının və  yarışı televiziya ilə izləyən yüz milyonlarla motoidman azarkeşinin rəğbətini qazandı. 

Mübaliğəyə varmadan demək olar ki, Azərbaycanda Qran-prinin təşkili təqdirəlayiq idi. Bütün bunların nəticəsidir ki, yeni anlaşmaya əsasən, Azərbaycan 2030-cu ilədək "Formula-1"ə evsahibliyi edən ölkələr sırasında olacaq.

Elçin CƏFƏROV,

"Azərbaycan"

1Sources