Kənan Rövşənoğlu: “Şimali Qafqaz müsəlmanları arasında bu qadağaya etiraz ola bilər”
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Aleksandr Boroday ictimai yerlərdə hicab və niqabın geyilməsinə qadağa qoyulmasını təklif edib. Təklifə görə, həmçinin niqab geyən miqrant ailələri ölkədən çıxarılmalı və geri qayıtmalarına icazə verilməməlidir.
Deputat vurğulayıb ki, bu tədbir vətəndaşlar arasında narahatlıq və qorxu səviyyəsini azaltmaq üçün zəruridir: “Qanunvericilik baxımından ölkəmizdə müsəlman geyimlərini geyinmək qadağan edilməyib. Ancaq niqablara tam qadağa çoxdan tətbiq olunmalı idi. Vətəndaşların əksəriyyəti radikal İslam terrorizmi obrazı qarşısında daxili gərginlik yaşayır və bu hiss hicab və niqab geyinmiş qadınlarla bağlıdır. Belə geyimlər əhalinin çoxunda qorxu və aqressiya doğura bilər ki, bu da tamamilə təbiidir”.
Borodaya görə, niqablı qadın obrazı terror yolu ilə öz baxışlarını diktə etməyə çalışanlarla assosiasiya olunur və bu, xüsusilə pravoslav və rus xalqı arasında narahatlıq yaradır.
Deputatın “arqumentləri” nə dərəcədə əsaslıdır? Qadağa İslamda nəzərdə tutulmayan niqaba aid olacaq, yoxsa həm də sifəti örtməyən hicaba? Hər şey qırağa, bəs təklifə Şimalı Qafqazın köklü müsəlman əhalisi (çeçenlər və b.) necə reaksiya verəcək? Tutaq ki, Çeçenistanda inanclı hicablı xanım küçəyə hicabda çıxa bilməyəcək?
Xatırladaq ki, Rusiyanın cənub bölgəsi olan Dağıstan vilayətində ötən il baş vermiş ölümcül silahlı hücumlardan sonra təhlükəsizlik məqsədilə niqab geyinilməsinə qadağa qoyulub. İyunun 23-də silahlı şəxslər respublikanın iki şəhərində ibadət yerlərinə və yol polisi postuna atəş açmış, nəticədə ən azı 15 polis əməkdaşı və dörd mülki şəxs, o cümlədən bir pravoslav keşiş həlak olmuşdu.
Müftiliyin sədr müavini Abdulla Salimov bildirib ki, niqab qadağası təhdidlər aradan qalxana qədər və yeni dini rəylər açıqlanana qədər qüvvədə qalacaq. Müftinin köməkçisi Məhəmməd Məhəmmədov isə qeyd edib ki, qadağa yalnız təhlükəsizliyin və şəxsiyyətin tanınmasının vacib olduğu yerlərə - küçələrə, dövlət qurumlarına və kütləvi məkanlara şamil edilir.
Ötən il Çeçenistan rəhbəri Ramzan Kadırov isə Rusiyada hicaba qadağa qoyulmasını tələb edən insanları “İslam düşmənləri” adlandırıb və qızına hicabını çıxartmağı söyləyən hər kəsi öldürəcəyini vəd edib. Kadırov bu barədə Çeçenistan hökumətinin iclasında bildirib. “Kim qızıma desə ki, hicabını çıxar, yerində öldürərəm, kim olursa-olsun, vuracağam. O, düşməndir, mənim şəxsi düşmənimdir, İslamın düşmənidir”, - Çeçenistan rəhbəri bildirib. Həmin an videoda Kadırovun qızı, respublika hökumətinin vitse-prezidenti Ayşat Kadırova əks olunub. Çeçenistan rəhbəri qeyd edib ki, respublikaya müxtəlif konfessiyalardan çoxlu qonaqlar gəlir. “Biz onların geyim tərzinə qarışmırıq, onları cəzalandırmırıq, amma insanları hicab bağlamağa təşviq edirik”.
Bununla belə, Kadırov üzü örtən burqa geyinməyin əleyhinə olduğunu bildirib. Mayın sonunda Dövlət Dumasının sədr müavini Vyaçeslav Davankov təhsil təşkilatlarının dini geyim, o cümlədən üzü qismən və ya tamamilə gizlədən geyimlərə qadağanı nəzərdə tutan qanun layihəsini təqdim edib. Əsasnamədə qeyd olunub ki, təşəbbüs “təhsilin dünyəvi mahiyyətinin gücləndirilməsi”nə yönəlib. Dövlət Dumasının Çeçenistandan olan deputatı Adam Delixanov qanun layihəsini tənqid edib. O, Çeçenistan hakimiyyətinin üzünü örtən niqab taxmağı “təsdiq etməyəcəyini”, hicabın müsəlman qadının dini borcu olduğunu vurğulayıb. Davankov qeyd edib ki, insanların adət-ənənələrə sadiq olduğu milli respublikalarda belə məhdudiyyətlərə ehtiyac yoxdur. İyun ayında Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin “islamçılar” tərəfindən həyata keçirilən son terror aktları ilə əlaqədar Rusiyada niqab taxmağı “təcili” qadağan etməyə çağırıb. Bundan sonra Dağıstan və Qaraçay-Çərkəz müftiləri öz bölgələrində niqab taxmağa müvəqqəti qadağa qoyublar.
Kənan Rövşənoğlu
Dini mövzular üzrə mütəxəssis, araşdırmaçı jurnalist Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Bildiyiniz kimi, bir çox ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində üzü tamam örtən niqab adlanan baş geyimi qadağan edilib. Əlbəttə, məsələyə sırf dini nöqteyi-nəzərdən yanaşsaq, niqab dini göstəriş deyil. Amma əlbəttə, belə bir geyim forması bəzi müsəlman ölkələrində olduğu üçün indi də istifadə olunur. Məsələyə insan hüquqları və azadlıqları prizmasından yanaşsaq, əlbəttə, bu da bir seçimdir və insanların istədiyi kimi geyinmək haqqı olmalıdır. Bunun terror təhlükəsi ilə əlaqələndirilməsi absurddur. Çünki partlayıcı silahı istənilən geyimlə gizlətmək olar. Fikrimcə, ilk dəfə Fransa və daha bir neçə Avropa ölkəsində tətbiq olunan bu qadağanın daha çox islamofobiya ilə bağlantısı var. Amma hər bir halda bu da müasir dünyada rast gəlinən təcrübədir. Rusiyada tətbiq oluna bilər. Yalnız Şimali Qafqaz müsəlmanları arasında bu qadağaya etiraz ola bilər. Dediyim kimi, məsələnin dini tərəfi deyil, daha çox ürfi, yəni yerli xalq adəti olaraq görülməsi var. Ancaq indiki zamanda Rusiya hökumətinin belə bir qanun qəbul edəcəyi ehtimalı azdır. Rusiya hakimiyyəti müsəlman əhalisini narazı salmaq istəməz”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”