EN

Payız xəstəliklərindən necə qorunaq?

Payızda havaların nisbətən soyuması ilə bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün mövsümi xəstəliklərə yoluxma halları da artır. Bu fəsildə daha çox rast gəlinən xəstəliklərə qrip (influenza), respirator virus infeksiyaları, bronxit, tonzillit kimi tənəffüs yolları infeksiyaları daxildir.

Xəstəliklərin artmasının əsas səbəbi isə infeksiyaların yayılması üçün əlverişli mühitin yaranması və insanların qapalı məkanlarda daha çox vaxt keçirməsidır. Viruslar qapalı məkanlarda daha sürətlə yayıldığı üçün yoluxma riski artır. Qripə yoluxma bütün fəsillərdə olsa da, payız-qış aylarında daha geniş forma alır. Hər mövsümdə bu xəstəliyin mutasiyaya uğramış yeni versiyası peyda olur.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov XQ-yə açıqlamasında bildirdi ki, yoluxmaların məhz payız-qış mövsümündə artmasına havaların soyuması, insanların daha çox qapalı məkanlarda (məktəb, universitetlər. iş yerləri və s.) toplanması, iş və dərs otaqlarının daha az havalandırılması, yaxın təmaslar, dəyişkən havada geyim seçiminin çətinləşməsi və immunitetin təbii ritmik zəifləməsi və s. səbəb olur. Mütəxəssis qeyd etdi ki, soyuq havalarda ən çox rast gəlinən hava-damcı və təmas yolu ilə ötürülən kəskin respirator virus infeksiyalarıdır:

– Bu infeksiyalardan qeyri-spesifik qorunmaq yolları respirator və əl gigiyenasından ibarətdir. İctimaiyyət bu haqda səhiyyə qurumlarının mütəxəssisləri tərəfindən kifayət qədər maarifləndirilir. Qorunmağın spesifik yolu isə vaksinasiyadır. Hazırda qripin aktivləşməsi ərəfəsindəyik və bu xəstəliyə yoluxma hallarının qışa doğru artması qanunauyğun bir prosesdir, hər il təkrar olunur. Buna görə, qripə qarşı vaksinasiya, xüsusən risk qruplarına daxil olan insanlar üçün vacib sayılır.

Təyyar Eyvazov daha sonra söylədi ki, kəskin respirator virus infeksiyaları sağlam insanlarda əsəsən qısamüddətli xəstəlik halları törədir, fəsadsız ötüşür. Lakin həssas qruplarda, yəni 5 yaşın altında olan uşaqlarda, hamilələrdə, 65 yaş üstü şəxslərdə, ağır xroniki xəstəlikləri olanlarda və immundefisitli insanlarda müəyyən fəsadların inkişafına yol aça bilər. Bu fəsadlara pnevmaniyalar, orta qulağın iltihabı, meningit və ensefslitlər və s. aiddir. Yoluxmalara bütün yaş qruplarında rast gəlinir. Ən çox yoluxma halları böyük kollektivlərdə və qapalı məkanlarda keçirilən kütləvi tədbirlərdən sonra təsadüf olunur.

ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq sağlamlığı və xəstəlikləri şöbəsinin rəhbəri, II Uşaq xəstəlikləri kafedrasının assistenti, pediatr Qoşqar İsmayılovun sözlərinə görə isə hər il payız mövsümündə virus xəstəliklərin artması ilk növbədə yay aylarında istirahətdə olan, açıq havada daha çox zaman keçirən məktəbli uşaqların, tələbələrin payız aylarında qapalı məkanlara qayıtması ilə əlaqədardır:

– Qapalı yerlərdə uşaqlardan biri xəstə olanda xəstəlik digərlərinə də sürətlə yayılır: Bu səbəbdən avqust ayında az rast gəlinən xəstəliklər sentyabrın ortalarında, oktyabrda özünü daha çox büruzə verməyə başlayır. Bunun bir səbəbi də payız mövsümündə virusların aktivləşməsi, eyni zamanda immun sistemi zəif olan uşaqların yay mövsümündə yaxşı qidalanmamasıdır. Vitaminli meyvələrdən az istifadə edənlər də asanlıqla infeksion xəstəliklərə yoluxur və başqalarını yoluxdururlar.

Payız aylarında ən çox görünən virus infeksiyalarının qrip və paraqrip virusları olduğunu deyən həkim-pediatr vurğulayır ki, bu viruslar adından da göründüyü kimi, uşaqlarda kəskin respirator xəstəliklər yaradır. Bu xəstəliklər özünü burun axıntısı, burunda qaşınma, tək-tək quru öskürəkdən bəlğəmli öskürəyə keçməklə göstərir. Əgər nəsildə, ailədə, uşağın özündə allergiya varsa, o zaman allergik bronxit formasında da ortaya çıxa bilər. Gedişatdan asılı olaraq yüksək hərarət müşahidə edilərsə, mütləq şəkildə həkimə, xüsusilə poliklinika pediatrlarına müraciət etmək lazımdır.

Müayinə zamanı virus problemi ortaya çıxarsa, ilk növbədə bunun qarşısını almaq üçün simptomatik antivirus preparatlarından istifadə olunmalıdır. Xəstənin immun sistemi zəifdirsə və üstəlik, vaxtında üzərinə düşülməzsə, bakterial prosesin işə qoşulması ilə vəziyyət daha da ağırlaşar. Xəstəlik bakterial bronxit, pnevmoniya mərhələsinə keçə bilər ki, bu da sətəlcəm olan uşağın xəstəxanaya düşməsi ilə nəticələnər.

Pediatır açıqlamasının davamında dedi ki, belə halların qarşısını almaq üçün vaxtında həkim-pediatra müraciət etmək vacibdir:

– İlk növbədə, profilaktik tədbir görmək lazımdır. Mən hər zaman sosial şəbəkələrdə, maarifləndirici televiziya verilişlərində bütün valideynlərə üzümü tutub deyirəm ki, profilaktika çox önəmlidir. Körpə uşaqlarda profilaktik peyvəndlərin aparılması ilə yanaşı, yuxu rejiminin normal olması və düzgün qidalanma xüsusi önəm daşıyır. Daha kiçik uşaqlar 10-12 saat, məktəblilər isə 8-10 saat yatmalıdır. Yuxu rejimi normaldırsa, immun sistemi də normaldır. İmmun sistemi normaldırsa, uşaq sağlamdır.

Qidalanmada isə təbii qidalara üstünlük verilməlidir. Yay mövsümündə olan meyvələr, təbii vitaminli qidalar çox faydalıdır. Hər bir meyvə və tərəvəzdə müxtəlif vitaminlər və minerallar var. Çalışıb ev yeməklərindən istifadə etmək, “fast-food” və ya “əlüstü yemək”lərdən uzaq durmaq lazımdır. Belə olduqda təbii ki, uşaqlar sağlam böyüyəcək, xəstələnməyəcək, həkimə yalnız profilaktik məqsədlə müraciət ediləcək. Unutmayaq ki, sağlam övladlar cəmiyyətimizin sağlam gələcəyidir.

Elenora HƏSƏNOVA
XQ

Chosen
19
xalqqazeti.az

1Sources