EN

İçdiyimiz suyun keyfiyyətinə necə nəzarət olunur?

“İçməli suyun keyfiyyətli və təhlükəsiz olması insanların sağlamlığı üçün çox vacibdir. Dövlət sanitariya nəzarəti xidməti bu sahəyə xüsusi diqqət yetirir və mütəmadi olaraq ölkənin şəhər və kəndlərindəki su anbarları, su təmizləyici qurğular və su şəbəkələri yoxlanılır”.

News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova deyib.

Onun sözlərinə görə, yoxlamalar zamanı suyun kimyəvi, bakterioloji və digər göstəriciləri laboratoriyada müayinəsi aparılır:

“Əgər müayinə nəticələri göstərirsə ki, su standartlara cavab vermir və təhlükəsizlik göstəriciləri qeyd olunarsa, o zaman tərəfimizdən bu barədə aidiyyəti cavabdeh qurumlar rəsmi şəkildə məlumatlandırılaraq, təkliflər verilir. Eyni zamanda, ehtiyat su anbarları ildə ən azı bir dəfə təmizlənməli və dezinfeksiya olunmalıdır. Ancaq bəzi Mənzil Tikinti Kooperativləri bu tələblərə riayət etmədiyinə görə, orada toplanan suyun keyfiyyəti ilə bağlı vətəndaşların narazılıqları barədə müraciətlər daxil olur. Bildirmək istəyirik ki, Mənzil Tikinti Kooperativləri sahibkarlıq subyektləri olduqlarından həmin ünvanlarda müayinələrin aparılması müvafiq Qanununun tələblərinə uyğun həyata keçirilə bilər”.

S.Nəcəfova bildirib ki, həmçinin, çox zaman köhnə binaların zirzəmilərində toplanan su ilə bağlı şikayətlər daxil olur:

“Bu hallarda laborator müayinələr aparılaraq, həmin suyun mənşəyi müəyyənləşdirilir və problemi aradan qaldırılması üçün aidiyyəti üzrə cavabdeh qurumlara təkliflər verir”.

Cərimə və inzibati tədbirlər barədə sualı cavablandıran Samirə Nəcəfova bildirib ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən müəssisələrdə yoxlama aparılıb və həmin müəssisədə nöqsanlar, sanitariya qayda pozuntuları aşkar olunarsa, inzibati xəta törədən şəxs və ya şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğun olaraq inzibati tənbeh tədbirləri, yəni cərimə protokolu tərtib edilə bilər.  

Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq, sanitariya-gigiyena rejim üçün görülən tədbirlərə əməl olunmaması İXM-nin 211-ci maddəsi ilə, tibb və təhsil müəssisələrində sanitariya-gigiyena rejimin pozulmasına İXM-nin 216-cı maddəsi ilə, gözəllik  salonlarında və ya bərbərxanalarda universal təhlükəsiz qaydaların pozulmasına İXM-nin 218-ci maddəsi ilə, İçməli suyun keyfiyyəti standartlara uyğun olmaması İXM-nin 265-ci maddəsi ilə, ictimai yerlərdə tütün üçün ayrılan yerlər düzgün təşkil olunmamamasına görə isə İXM-nin 212-ci maddəsi ilə inzibati tədbirlər görülür. 

Chosen
95
3
news24.az

4Sources