Gələn ay İran, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşün keçiriləcəyi planlaşdırılır.
APA xəbər verir ki, bunu İranın yol və şəhərsalma naziri, İran-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiq Tehranda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevlə görüşündə bildirib.
Nazirin sözlərinə görə, yaxın vaxtlarda yaradılacaq müştərək işçi qrup nəqliyyat və gömrük problemlərini nəzərdən keçirəcək. O həmçinin qeyd edib ki, Kəlalə-Ağbənd körpüsü və sərhəd terminalı layihəsi Novruz bayramına qədər tamamlanacaq, Kəlalə-Culfa yolunun genişləndirilməsi isə nəzərdə tutulur.
Görüş zamanı müzakirə olunan digər mövzulara müştərək neft bloklarının işlənməsi, qaz mübadiləsi sazişinin Naxçıvana uzadılması, Rusiya qazının Azərbaycan üzərindən İrana ötürülməsi və üç ölkə arasında elektrik şəbəkəsinin inkişafı daxildir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Şəhid Rəcai limanına səfəri və liman əməkdaşlığı üzrə memorandumun imzalanması da planlaşdırılıb.
Fərzanə Sadiq iki ölkə arasında səyahət və əməkdaşlığın hərtərəfli artım və tərəqqiyə səbəb olacağına ümid etdiyini vurğulayıb.