Azərbaycan aqrar sektorda tədqiqat və inkişafa böyük sərmayə qoyur.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF 2025) ikinci günündə bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyinə uyğun həllər tapmaq, məhsuldarlığı ildən-ilə artırmaq üçün müxtəlif məhsullar üzərində çalışan nazirliyin bir neçə tədqiqat institutu var: "Təhsil sahəsində isə Azərbaycan Dövlət Aqrar Universiteti fəaliyyət göstərir".
Nazir vurğulayıb ki, Azərbaycanda kənd təsərrüfatı vergidən azaddır: "Əslində bu, bizdə olan ən dəyərli üstünlüklərdən biridir. Azərbaycana idxal olunan kənd təsərrüfatı avadanlıqları, kənd təsərrüfatı texnikası, suvarma sistemləri gömrük rüsumundan tam azaddır. Onlar həmçinin ƏDV-dən də azaddır. Bu isə kənd təsərrüfatına sərmayəni çox mühüm və cəlbedici edir. Biz fermerlərimizi dəstəkləyən bir neçə proqram həyata keçiririk".
report