ain.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtda işıqforla nizamlanmayan uzun piyada keçidləri piyadalar üçün ciddi təhlükə mənbəyinə çevrilib.
Avtosfer.az xəbər verir ki, belə keçidlərdə piyadaların özlərini rahat və təhlükəsiz hiss etməsi, demək olar ki, mümkün deyil.
Məsələn, sözügedən keçidlərdən birində - Landau küçəsində vəziyyət daha qəlizdir. Keçidin yuxarı başında, zolağa çox yaxın məsafədə avtomobillərin park edilməsi piyadaların görünməsini məhdudlaşdırır. Yol kifayət qədər geniş olsa da, piyadaların dayana biləcəyi və qarşı tərəfə addımlamağı təhlükəsiz edə biləcəyi “qoruyucu ada” yoxdur.
Mütəxəssislər bildirirlər ki, belə şəraitdə piyadaların yolu keçməsi həm sürücülər, həm də piyadaların özləri üçün ciddi risk yaradır. Çünki park edilmiş avtomobillər görünüşü məhdudlaşdırır, sürücülər piyadanı vaxtında görə bilmir, nəticədə qəza ehtimalı artır.
Bəs belə uzun piyada keçidlərində piyadanın təhlükəsizliyi necə təmin edilməlidir? Hansı dəyişikliklərə ehtiyac var?
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev Avtosfer.az-a açıqlamasında bildirib ki, belə uzun keçidlərdə təhlükəsizlik adacığı qoyulmalıdır:
“Yəni, yol iki zolaqdan artıqdırsa, hər iki zolağın sonunda təhlükəsizlik adacığı, zolağın ensizləşdirilməsi və kontrast işıqlandırma təmin olunmalıdır.
Bununla da təhlükəsizlik təmin olunacaq. Yəni, sürücü istəsə belə sürətlə hərəkət edə bilməyəcək və hətta sürdüyü təqdirdə, piyada əgər yolu keçə bilməsə, həmin adacıqda özünü təhlükəsiz hiss edəcək, sürücünün keçməsini gözləyəcək və beləliklə, hər iki tərəf daha çox təhlükəsizlik təmin etmiş olacaq. İstənilən qəza riski olarsa, belə infrastrukturun olduğu yerdə qəzanın nəticəsi maddi ziyan və yüngül xəsarətlə yekunlaşır, nəinki ölümlə.
Ona görə düşünürəm ki, belə geniş prospektlərdə sadəcə təhlükəsizlik adacığı, işıqlandırma və zolağın ensizləşdirilməsi ilə məsələni həll etmək olar”.
Eltac Zülfüqaroğlu
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.