EN

RUSİYA TƏXRİBATI, YOXSA ALYASKA GÖRÜŞÜNÜN “FƏSADI”? Ağ ev artıq NATO ya hücumları “səhv” adlandıra bilmir

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ administrasiyası artıq Rusiyanın NATO ölkələrinə qarşı açıq təxribatlarına göz yummaqda, yaxud baş verənləri “malalamaqda” çətinlik çəkir.

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Rusiyanın NATO üzvü olan ölkələrin hava məkanını dəfələrlə pozmasını pisləyib və ABŞ-nin NATO ərazisinin hər qarışını müdafiə edəcəyini bildirib: "Rusiya pilotsuz təyyarələrinin Polşanın hava məkanına daxil olmasının ardınca baş verən bu hadisə belə bir təəssürat yaradır ki, Rusiya ya münaqişəni gərginləşdirmək və ona daha çox ölkəni cəlb etmək istəyir, ya da onun döyüş təyyarələrini və pilotsuz təyyarələrini idarə edənlər üzərində tam nəzarətə malik deyil. Ona görə də hər iki ssenari dərin narahatlıq doğurur".

O bildirib ki, cəmi doqquz gün əvvəl BMT Rusiyanın çoxlu sayda hərbi pilotsuz təyyarələrlə Polşanın hava məkanını pozmasını müzakirə etmək üçün toplaşmışdı. Buna baxmayaraq, Rusiya bu dəfə digər NATO üzvü olan Estoniyanın hava məkanını pozub.

Bundan öncə isə ABŞ Prezidenti Donald Tramp əvvəlcə Estoniyaya qarşı təxribata qeyri-müəyyən münasibət bildirsə də, sonradan daha konktret danışmalı olub. Tramp Rusiyanın vəziyyəti daha da gərginləşdirəcəyi təqdirdə Polşa və Baltikyanı ölkələrin müdafiəsinə kömək edəcəyini bəyan edib. Jurnalist ona sözügedən NATO ölkələrinin ərazisini qoruyub-qorumayacağına dair sual verəndə, Tramp “bəli, bunu edrədim” deyib.

Bu reaksiyalar göstərir ki, “sövdələşmə ustası” olan Tramp administrasiyası Avropadan və xüsusilə NATO üzvlərindən gələn təpkilər qarşısında çətin duruma düşüb. Qeyd edək ki, son olaraq, Polşa XİN başçısı Radoslav Sikorski Rusiyaya açıq şəkildə xəbərdarlıq edərək bəyan edib ki, təkcə PUA və raketlər deyil, Polşa sərhədlərini pozan hərbi təyyarələr də dərhal vurulacaq.

Həmçinin, Qərb mətbuatında NATO-nun və onun aparıcı üzvü olan ABŞ-nin zəif, effektsiz, dişsiz, hətta miskin görkəm aldığına dair çoxlu yazılar dərc edilir. ABŞ-nin, ilk növbədə də Polşaya qarşı Rusiya PUA hücumunu “səhv” adlandıracaq qədər özünü kiçildən Trampın nüfuzu, imkanları və iradəsi sual altına alınır. Eyni zamanda, ABŞ Konqresindəki nəinki demokratlar, respublikaçılar tərəfindən də Tramp administrasiyasına qarşı kəskin tənqidlər səsləndirilir. Bütün bunlar sözsüz ki, Trampı və onun “silahdaşları”nı sözdə də olsa, daha konkret və kəskin münasibət sərgiləməyə vadar edir.

Lakin istər hakimiyyətindən əvvəl, istərsə də sonrakı dövrlərdə onun sözünün heç də hər zaman daşıdığı vəzifənin ağırlığına düz mütənasib olmadığını Tramp özü dəfələrlə sübut edib. Bu gün bir, sabah tamamilə başqa bir söz deyən, verdiyi bəyanatlarda manipulyasiyalara yol verdiyini özü də etiraf edən Trampa bel bağlamağın heç də doğru qərar olmadığını isə avropalılar da yaxşı başa düşür...

Nəhayət, kimsə Putin Rusiyasının NATO ölkələrinə qarşı son təxribatlarının indiki ABŞ administrasiyası ilə razılaşdırıldığını birmənalı şəkildə istisna edə bilməz. Yəni, çoxları buna konsperologiya kimi baxsa da, Polşa və Estoniya kimi ölkələrə qarşı son təxribatların Alyaska görüşü zamanı Putin və Tramp arasında razılaşdırıldığına dair iddialar var. 

Həmin iddialara görə, məqsəd bir yandan Avropanı “sındırmaq”, Trampın qarşısında daha “ələbaxım” və zəif hala gətirmək, digər yandan mümkün “rus işğalından qorxuya düşən” Avropanın Ukraynaya təzyiqlərini artıraraq, Putinin şərtlərilə razılaşmağa vadar etmək ola bilər. Dünya siyasətinin və bu siyasətin əsas aktorlarının düşdüyü hazırkı tamamilə miskin, prinsipsiz və ləyaqətsiz durum istənilən variantı mümkün edir. Odur ki, bu baş verənləri Alyaska sammitinin razılaşdırılmış nəticələrindən biri olduğunu iddia edənləri qətiyyən qınamaq olmaz...

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

1Sources