EN

Neçə dövlət tibb müəssisəsində onlayn növbə sistemi mövcuddur? - Rəsmi AÇIQLAMA

Xəstəxanalarda onlayn növbə sisteminin önəmini dəfələrlə gündəmə gətirmişik. Çünki bu xəstələr üçün də daha rahatdır, qarışıqlığı aradan qaldırır. Ancaq onlayn növbə sistemi bütün xəstəxanalarda yoxdur.

Bəs ümumi neçə dövlət tibb müəssisəsində bu sistem mövcuddur?

Bizim.Media məsələylə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə ( TƏBİB) sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur.

“Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir.

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində elektron növbə sistemi mərhələli şəkildə tətbiq olunur və bu, səhiyyə xidmətlərinin keyfiyyətli, şəffaf və effektiv təşkilinə xidmət edir.

Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır.

Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur”.


TƏBİB-in açıqlamasında  onlayn növbə sisteminin olduğu tibb müəssisələrinin sayı da açıqlanıb:

“Hazırda paytaxtda və Abşeron ərazisində yerləşən 16 tibb müəssisəsində 32 növbə terminalı və 94 monitor (TV), regionlarda isə 23 tibb müəssisəsində 42 növbə terminalı və 126 monitor quraşdırılıb.

Son həftələrdə Kliniki Tibbi Mərkəzdə, Göyçay və Xaçmaz rayon mərkəzi xəstəxanalarında elektron növbə sistemi qurulub istifadəyə verilib. Eləcə də Bərdə, Qazax, Şəmkir, Tovuz, Göygöl, Mingəçevir, Qobustan, Abşeron və digər tibb müəssisələrində də elektron növbə sistemi tətbiq olunur. 

Bundan əlavə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) məlumatlarına əsasən, dövlət və özəl tibb müəssisələrinin ümumi sayı 2025-ci ilin may ayında 192-ə çatıb.

Nəzrin Mirzəyeva, Bizim.Media

Chosen
17
1
bizim.media

2Sources