“Azərbaycanın investisiya mühiti siyasi sabitlik, xarici kapital üçün əlverişli şərait və dəyişən beynəlxalq dinamikanı dəyərləndirmək bacarığını birləşdirir”. Bu barədə İtaliyanın LUISS Universitetinin Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin (CISS) direktoru, professor Raffael Marketti (Raffaele Marchetti) I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF) kuluarlarında “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına müsahibəsində bildirib.
R.Marketti vurğulayıb ki, son iyirmi ildə Azərbaycan daxili sabitlik, qanunun aliliyi və investisiyalar üçün əlverişli mühit əsasında sürətli iqtisadi artıma nail olub. O, eyni zamanda xarici amillərin əhəmiyyətini də qeyd edib: “Məsələn, son misallar kimi bu yaxınlarda Vaşinqtonda əldə olunmuş ilkin razılaşmanı, eləcə də Avropa və Çinlə strateji tərəfdaşlıqları qeyd etmək olar. Bütün bunlar Azərbaycanın inkişafında mühüm rol oynayır. Beynəlxalq amillərin önəmi böyükdür və Azərbaycan onlardan səmərəli şəkildə istifadə edə bilib”.
Gələcək perspektivlərdən danışan R.Marketti Azərbaycan iqtisadiyyatının genişlənməyə davam edəcəyinə əminliyini bildirib.
O, həmçinin vurğulayıb ki, Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalar ölkənin regional mərkəz kimi imicinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. “Bu, Azərbaycanın “yumşaq güc”ünün bir hissəsidir. Sadəcə, biznesin dostu olmaq kifayət deyil — bunu nümayiş etdirmək də vacibdir. Belə forumlar qeyri-rəsmi ünsiyyət imkanları yaradır ki, bu da istər dövlətlərarası, istər bizneslərarası, istərsə də dövlətlə biznes arasında dialoq üçün çox vacibdir”, — professor fikrini izah edib.