EN

Artıq yaxın çevrəsi də Ehtiram Quliyevi qınayır - Düz addım at, bu səhvi düzəlt!

Tovuzlu azarkeşlər hədsiz pərişan və narazıdır.

«Turan» yenə onları peşman etməkdədir. burada hamı bir nəfər kimi Kurban Berdiyevdən şikayətçidir.

Gör, vəziyyət nə yerdədir, İdarə Heyətinin aparıcı simalarından Yaşar Sultanov da artıq dilə gəlib.

O. «Sabah»a 0:2 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında dilə gəlib, “Bu oyunla “Turan” üç gün dayanmadan oynasa da, qol vurası deyil” yazıb.

Sultanov bunu gec də olsa başa düşübsə, biz onu yenə təbrik edirik! Nəhayət, klubun hansısa mənsubundan da düz söz eşitdik.

Biz 1 ildən artıqdır dad döyürük ki, ay adamlar, Berdiyev köhnə əsrin qalığıdır, onun ətəyindən yapışıb qalmayın, ayılın, komandaya yazığınız gəlsin, xərclədiyiniz pulun qədrini bilin, «Turan Tovuz»u uca tutun.

Əşşi, kimə deyirsən e?!

Özümüz dedik, özümüz eşitdik. Daş-divar da dilə gəldi bu 1 ildə, onlar susmaqda davam etdi.

Yaşar Sultanov sosial şəbəkədə Berdiyevin oyun tərzini bir cümlə ilə yerdən-yerə vurdusa, əminik ki, o, Ehtiram Quliyevə bundan min dəfə artığını deyib.

Bəlkə də İdarə Heyətinin sədrini üzbəsurət qınayıb, baş məşqçini dəyişdirməyə təkid edib.

Bu, nə vaxt olacaq, nə vaxt gerçəkləşəcək, konkret demək çətindir. Yalnız təxmin etmək olar ki, «Turan» daha iki-üç oyunda uğursuzluq yaşasa, Berdiyev nağılı bitəcək.

Komanda uduzub, yenə yapışıblar hakimlərdən. Sosial şəbəkələrdə video paylaşırlar, Rəvan Həmzəzadəni «asıb –kəsirlər».

Məğlubiyyətə günah keçisi kimi Berdiyevi göstərməyə cəsarət etmirlər, Rəvanı nişan verirlər. Halbuki baş hakim «Turan»ın oyunu 9-10 nəfərlə başa vurmasını əngəllədi, qırmızı vərəqələri cibindən çıxarmadı.

«Sabah» qazandı, amma gözəl təsir bağışlamadı. «Turan» isə ev sahiblərindən bir çox komponentdə geri qaldı: qapıya çətinliklə yaxınlaşdılar, onda da epizodun təhlükə şiddəti zəif oldu.

Beş tura iki yenilgi çempionluq xəyalına bürünmüş «Turan» üçün çoxdur. Ehtimal edirik ki, bundan sonra Ehtiram Quliyevin dilindən «qızıl medal nağılı»nı bir daha eşitməyəcəyik.

Onsuz, o, güclü rəhbər olmasını sübuta yetirə bilməyib, növbəti dəfə də birincilik məqsədindən söz açsa, lətifə qəhrəmanına çevriləcək.

ELNUR

Chosen
6
sportinfo.az

1Sources