EN

Hədəf İsrail üzərindən Azərbaycan-Türkiyə qardaşlığıdır - Tənzilə Rüstəmxanlının yazısı

Bəzi qüvvələr tərəfindən İsrail və İran arasında hazırda yaşanan gərginlik bəhanə edilərək, Türkiyə və Azərbaycanın sarsılmaz qardaşlığı hədəf alınıb. Bu yazıların müəllifləri – bəzən köşə yazarları, bəzən özünü ekspert kimi təqdim edən şəxslər Azərbaycan ilə İsrail arasındakı münasibətləri birtərəfli və emosional şəkildə təhlil adı altında təhrif edir, hadisələri tarixi və geosiyasi reallıqlardan uzaqlaşdırmağa çalışırlar.
Əslində səslənən fikirlər, irəli sürülən arqumentlərin əsassızlığı məsələnin siyasi təhlildən daha çox iki qardaş ölkə arasında təxribat layihəsi olduğu görünür. Məlum olduğu kimi, Türkiyə Qəzza məsələsində xüsusi həssaslığı ilə seçilir və Fələstini açıq şəkildə dəstəklədiyini ifadə edir. Təbii ki, bu cür mövqe tutmaqda Türkiyənin obyektiv və subyektiv səbəbləri var.
Lakin təəssüflər olsun ki, qardaş ölkədə bəzi media resursları və jurnalistlər Qəzza böhranını kontekstindən çıxararaq, reallıqdan uzaq ittihamlar irəli sürürlər. Xüsusilə də, Azərbaycana qarşı səsləndirilən bir çox haqsız iddialar dərin narahatlıq doğurur.
Hətta Türkiyənin bəzi media orqanlarında “Azərbaycan sionist rejimlə birləşib”, “Azərbaycan Qəzzadakı qətliamda iştirak edir” kimi fikirlərə də rast gəlmək mümkündür.
Azərbaycana qarşı qeyd olunan reallıqdan uzaq iddiaları səsləndirənlər əsas bəhanə kimi ölkəmizlə İsrail arasında ticarət əlaqlərini ön plana çəkirlər. Bəli, Azərbaycan İsraillə əməkdaşlıq edir. Üstəlik, Azərbaycan bu əlaqələri gizlətmir, rəsmi şəkildə bəyan edir.
2 may 2024-cü ildə Türkiyə İsrail ilə ticari əlaqələri dayandırana qədər Türkiyə İsrailə ən çox məhsul ixrac edən ölkələr siyahısında ilk onda olduğu halda, Azərbaycan isə həmin siyahıda ilk 30-luqda belə yoxdur.
Məlum olduğu kimi, 30 ilə yaxın davam edən işğal dönəmində, Vətən müharibəsi günlərində, eyni zamanda sonrakı dövrdə qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olub. İsrail də bu illər ərzində Azərbaycana daim dəstək verib. Üstəlik, yəhudi lobbisi Azərbaycan haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırmaqda daim fəal rol oynayıb.
Bütün bu dəstəklər isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında böyük əhəmiyyət kəsb edib. Ona görə də Azərbaycan Türkiyə ilə yanaşı İsrailin dəstəyini də hər zaman yüksək qiymətləndirir.
Elə buradaca bir məqamı qeyd edək ki, 1980-ci illərin sonunda türk diplomatlarını qətlə yetirən ASALA silahlıları Fələstindəki düşərgələrdə təlimlər keçirdilər. Həmin terrorçular Qarabağ savaşında da xalqımıza qarşı misilsiz cinayətlər törədiblər. Ancaq Azərbaycan heç bir halda Fələstinin ASALA terrorçularına qucaq açmasını hazırki Qəzza məsələsi ilə əlaqələndirməyib. Əksinə Azərbaycan Fələstinlə diplomatik əlaqələr quran ilk ölkələrdən biridir.
Hazırda Azərbaycanın Fələstində nümayəndəliyi fəaliyyət göstərir. Üstəlik, rəsmi Bakı İslam dövlətlərinin üzləşdiyi bütün problemlərdə onların yanında mövqe tutub. İƏT çərçivəsində Fələstinə maliyyə yardımı toplamaq üçün keçirilən konfransların təşkilatçılarından biri də Azərbaycan olub.
Media və ictimai müzakirə platformalarında səsləndirilən fikirlər əsaslı arqumentlərə, tarixi reallıqlara və obyektiv faktlara söykənməlidir. Əks halda, emosional və təhrif edilmiş yanaşmalar ictimai rəyə təsir edərək dost və qardaş xalqlar arasında anlaşılmazlıq və gərginlik yaradacaq yanlış təəssüratlar doğura bilər.
Türkiyə və Azərbaycan kimi qardaş ölkələr arasında münasibətlərdə isə bu məsuliyyət daha da böyükdür. Çünki bu münasibətlər təkcə diplomatik deyil, həm də tarixi, mənəvi və mədəni bağlara əsaslanır.
Türkiyə və Azərbaycan bir biri ilə şəhid qanları ilə bağlanan qardaş ölkələrdir. Beynəlxalq aləmdə də artıq hər kəsə bəllidir ki, bu iki dövlət bir millətdir. Türkiyə prezidentinin iştirak etmədiyi bir toplantıda da Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə Prezidenti yoxdur, mən burdayam” deməsi də, Türkiyə adına deyilən sözün Azərbaycana, Azərbaycan adına deyilən sözün Türkiyəyə aid olmasının ifadəsidir. Bu qardaşlıq İkinci Qarabağ Savaşında, Türkiyədəki zəlzələdə və daha neçə siyasi hadisələrdə sınaqdan çıxıb.
Azərbaycan-Türkiyə münasibətləri təkcə iki suveren dövlət arasında əlaqələrdən ibarət deyil, bütöv Türk dünyasının strateji dayağı və gələcək birliyinin əsas sütunudur. Bu münasibətlər milli və tarixi köklərə əsaslanır, qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan heç vaxt bu dəyərləri və əlaqələri zədələyəcək addımlar atmayıb, əksinə, onları daim möhkəmləndirməyə çalışıb. Prezident İlham Əliyevin sözləri ilə desək, “bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”.
Azərbaycan-İsrail münasibətləri şəffaf, hüquqa əsaslanan və qarşılıqlı maraqlara söykənən əməkdaşlıqdır. Bu münasibətlər Azərbaycanın heç bir qonşusuna və tərəfdaşına qarşı yönəlməyib. Azərbaycan dövləti suveren qərarlarını özü verir və bu qərarlar yalnız ölkənin təhlükəsizliyi, inkişafı və qlobal diplomatik maraqları ilə müəyyən olunur. Ən önəmlisi isə budur ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər yalnız dostluq deyil, qardaşlıq münasibətləridir.
Azərbaycan-İsrail münasibətlərini hədəfə alan bu çevrələr dolayısı ilə Türkiyənin illərdir yürütdüyü müstəqil və çoxtərəfli xarici siyasət xəttini, hətta Atatürkün müəyyənləşdirdiyi praqmatik diplomatiya prinsiplərini gözdən salmağa çalışırlar.
Mediada yayılan fikirlər obyektiv məlumatlara və reallıqlara söykənməlidir. Türkiyə mediasında qərəzli fikirlər səsləndirən radikal dini-ideoloji fikirlər səsləndirlən analitiklər və jurnalistlər unutmamalıdır ki, diplomatik münasibətlər şəxsi simpatiyalar və ideoloji yanaşmalarla deyil, milli maraqlar, uzunmüddətli tərəfdaşlıqlar və qarşılıqlı etimad üzərində qurulur. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri keçmişdə olduğu kimi, bu gün də sarsılmaz şəkildə davam edir. Media vasitəsilə aparılan qarayaxma kampaniyalarına baxmayaraq, bu dostluq hər keçən gün daha da möhkəmlənir. Bu qardaşlığı böhtan və qarayaxma ilə pozmaq mümkün deyil.
Chosen
29
4
sherg.az

5Sources