BAKI, 23 sentyabr. TELEQRAF
“Robert Köçəryan, Serj Sərkisyan və II Qaregin – bütün “Daşnaksütyun” Ermənistanı Rusiyaya qurban vermək istəyirlər”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Gümrü meri Vardan Qukasyanın Ermənistan-Rusiya münasibətləri ilə bağlı açıqlamalarını şərh edərkən deyib.
“Bu, Köçəryan və Serj tərəfdarlarının, xroniki beyin zəifliyindən əziyyət çəkənlərin, Ktriç Nersisyanın (II Qaregin və müxtəlif yaxın adamların xəyal etdiyi Ermənistandır. Vardanik onların ümumiləşdirilmiş obrazıdır - gündə 10 dəfə Tanrının adından boş yerə istifadə edən oğru kommunist.
Onlar “Daşnaksütyun”un bədnam xəttinə uyğun olaraq Ermənistanın müstəqilliyini (Rusiyaya) qurban vermək istəyirlər. Buna imkan verməyəcəyik”, - vitse-spiker bildirib.
Qeyd edək ki, Vardan Qukasyan bundan əvvəl Ermənistanın bütün gücüylə Rusiya ilə “İttifaq Dövləti”ində birləşməli olduğunu söyləmişdi.
“Bütün Avropa birləşdiyi kimi, Çin və Rusiya da ittifaq yaradır. Ermənistan nəyi gözləyir? Mən demirəm ki, biz Pyatiqorsk və ya Ulyanovsk vilayəti olaq, mən deyirəm ki, bütün gücümüzlə Rusiya ilə ittifaq yaratmalıyıq”.
Ermənistan Kommunist Partiyasının üzvü, rusiyayönlü siyasətçi Vardan Qukasyan apreldə Gümrüdə keçirilən mer seçkilərində qalib gəlib.