EN

NATO Rusiyaya xəbərdarlıq etdi

BAKI, 23 sentybar. TELEQRAF

Estoniyanın təşəbbüsü ilə NATO-nun 4-cü maddəsinə əsaslanaraq alyansın baş qərargahında təcili məsləhətləşmə keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə NATO məlumat yayıb.

Bildirilib ki, səbəb Rusiyaya məxsus MiQ-31 qırıcılarının Estoniyanın hava məkanını pozması olub.

Görüşdən sonra NATO-nun bütün 32 üzvü birgə bəyanatla çıxış edib.

Sənəddə qeyd olunub ki, alyans və onun müttəfiqləri beynəlxalq hüquq çərçivəsində öz müdafiəsi üçün hərbi və qeyri-hərbi bütün zəruri tədbirləri görməyə hazırdırlar.

Bəyanatda xüsusi olaraq vurğulanıb ki, NATO yalnız pilotsuz uçuş aparatlarını deyil, eyni zamanda alyansın ərazisinə təhlükə yaradan Rusiya hərbi təyyarələrini də zərərsizləşdirmək səlahiyyətinə malikdir.

Qeyd edək ki, NATO-nun 4-cü maddəsi üzv ölkələrə müttəfiqlərlə məsləhətləşmə aparmaq hüququ verir. Əgər bir NATO ölkəsi öz təhlükəsizliyinin pozulduğunu və ya təhdid altında olduğunu hesab edirsə, o, NATO-nun digər üzvləri ilə məsləhətləşmələr aparmaq üçün 4-cü maddədən istifadə edə bilər.

Bu maddə dərhal hərbi müdaxilə tələb etmir. Məqsəd məsələnin müzakirəsi, informasiya paylaşımı və birlikdə addımların planlaşdırılmasıdır.

4-cü maddə NATO-nun kollektiv müdafiə prinsipi ilə (5-ci maddə) qarışdırılmamalıdır. 5-ci maddə faktiki hərbi müdaxilə üçün istifadə olunur, 4-cü maddə isə yalnız konsultasiya və koordinasiya üçündür.

Chosen
14
teleqraf.com

1Sources