Tiroidin əsas xüsusiyyətləri:
• Hormon istehsalı edir
• Bədənin sürətini tənzimləyir
• Ürək, sinir sistemi, əzələlər, dəri, saç və hətta bədən istiliyi tiroidin normal işləməsindən asılıdır
• Normal fəaliyyət üçün tiroid yod maddəsinə ehtiyac duyur
• Tiroidin işini idarə edən başqa bir vəz hipofizdir. Hipofiz “TSH” adlı hormon vasitəsilə tiroidə siqnal göndərir
Tiroid düyünləri tiroid vəzinin içində əmələ gələn kiçik toxuma yığıntıları və ya şişciklərdir. Onlar çox vaxt təsadüfən USM zamanı aşkarlanır.
Bəs tiroid düyünləri təhlükəlidirmi?
"Medicina" xəbər verir ki, kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova, tiroid düyünlərinin növlərindən danışıb.
“Çox vaxt xəstələrimizdə ultrasəs müayinəsi zamanı təsadüfən aşkar olunan düyünlər böyük narahatlıq yaradır. İlk olaraq qeyd etməliyəm ki, tiroid düyünlərinin əksəriyyəti xoşxassəlidir və heç bir təhlükə yaratmır. Yalnız az bir hissəsində təxminən 5 faizində bədxassəli dəyişiklik ehtimalı ola bilər.
Düyünlərin aşkarlanması zamanı biz onları diqqətlə qiymətləndiririk. Ultrasəs müayinəsi vasitəsilə ölçüsünə, sərtliyinə və daxili quruluşuna baxırıq. Əgər düyün şübhəli görünürsə, yaxud ölçüsü böyükdürsə, nazik iynə biopsiyası aparılır. Bu üsul hüceyrə quruluşunu öyrənməyə və xərçəng riskini dəqiqliklə müəyyənləşdirməyə imkan verir”.
H.Kazımova qeyd edir ki, bəzən düyünlər tiroid vəzinin hormon istehsalına təsir göstərə bilər:
“Bu zaman pasiyentlərdə ürək döyüntüsü, əsəbilik, arıqlama, yaxud əksinə halsızlıq, kökəlmə kimi şikayətlər ola bilər. Ona görə də qan analizləri TSH, T3, T4 vacibdir.
Əgər düyün xoşxassəli və kiçikdirsə, heç bir təhlükə yoxdur. Bu halda biz sadəcə pasiyenti izləyirik ildə bir dəfə ultrasəs müayinəsi olunması
kifayətdir. Amma sürətlə böyüyən, boğazda təzyiq yaradan və ya səsdə dəyişiklik törədən düyünlər daha ciddi diqqət tələb edir.
Tiroid düyününün aşkar olunması hələ xərçəng demək deyil. Əsas məsələ vaxtında müayinədən keçmək, panikaya düşməmək və həkim nəzarətində qalmaqdır”
AYGÜN M.
MEDİCİNA.AZ