EN

Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir

Bakı. TurkicWorld

Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

TurkicWorld xəbər verir ki,Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir. Belə ki, Dövlət İmtahan Mərkəzində ayda bir dəfə olmaqla Mərkəzin rəhbərliyinin iştirakı ilə aktual mövzular üzrə ictimaiyyət üçün açıq müzakirələr təşkil ediləcək.

İlk görüş 30 sentyabr saat 15:00-da DİM-in elektron imtahanlar korpusunda olacaq və mövzu “Buraxılış və qəbul imtahanlarının məzmunu, imtahan proqramları və qaydaları”na həsr olunacaq.

Görüşdə şagirdlər, abituriyentlər və onların valideynləri, müəllimlər, həmçinin təhsil və pedaqoji ictimaiyyət nümayəndələri iştirak edərək öz suallarını birbaşa Dövlət İmtahan Mərkəzinin rəhbər şəxslərinə verə bilərlər.

Görüşdən sonra şagirdlər və abituriyentlər peşə seçimi testləri və dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması üzrə testlərdən ödənişsiz formada yararlanmaq imkanına malik olacaqlar. Bunun üçün iştirakçılar qeydiyyat linkində müvafiq istəklərini əvvəlcədən seçməlidirlər.

Qeyd edək ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Bu testlərdən sizə uyğun olan peşəni (peşələri) müəyyənləşdirmək üçün faydalana bilərsiniz.

Dərslik materialları əsasında bilik səviyyəsinin yoxlanılması testləri isə 8, 9, 10 və 11-ci siniflər üzrə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə təqdim olunacaq.

Görüşdə iştirak etmək istəyənlər 23 ­– 28 sentyabr tarixlərində aşağıdakı keçiddə verilmiş anket formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçən ilk 130 nəfərin (50 məktəbli, 50 valideyn və 30 pedaqoji ictimaiyyət nümayəndəsi) tədbirdə iştirakı mümkün olacaq. Məktəbli uşaqları ilə tədbirdə iştirak etmək istəyən valideynlər qeydiyyatı həm özləri, həm də övladları üçün ayrıca etməlidirlər.

Qeydiyyat linki: https://portal.dim.gov.az/gorush2025/

Təhsil və pedaqoji ictimaiyyət nümayəndələri növbəti aylarda keçiriləcək görüşlərdə müzakirə edilmək üçün mövzularla bağlı təkliflərini [email protected] poçtuna da göndərə bilərlər.

Qeyd: Görüş Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Chosen
5
9
turkic.world

10Sources