Bakı, 23 sentyabr, AZƏRTAC
Artıq iki gündür komanda ilə bir yerdəyik. Bu ayın əvvəllərində təlim-məşq toplanışında olduq, Gürcüstan yığmasına qarşı yoxlama görüşü keçirdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələdə keçiriləcək III MDB Oyunlarına hazırlıqla bağlı danışarkən deyib.
O, yığmamızla eyni qrupda yer alan Tacikistan və Qırğızıstanın keyfiyyətli komandalar olduğunu bildirib: “Aqressivdirlər, meydanda çox qaçmağı, mübarizə aparmağı xoşlayırlar. Buna baxmayaraq, məqsədimiz yaxşı hazırlaşmaq və hər iki matçda qələbə qazanmaq olacaq. Turnir vətənimizdə keçiriləcək. Qələbələr və çempionluqla xalqımızı sevindirmək istəyirik. Buna gücümüz, potensialımız çatar. Zədə ilə əlaqədar bir neçə futbolçunu dəvət edə bilməmişik. Onların əvəzinə yeni oyunçular kollektivə cəlb olunublar. Hədəfimiz finala yüksəlmək və kuboku başımız üzərinə qaldırmaqdır. Arzumuza çatacağımıza inanıram”.
Qeyd edək ki, A qrupunda yer alan U-16 millisi sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq. Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.