EN

Naftalan: ilk mülki şəhidlərin ailəsi ziyarət olundu

27 Sentyabr – Anım Günü ərəfəsində Naftalan şəhərində Vətən müharibəsinin ilk mülki şəhidlərinin ailəsi dərin ehtiramla ziyarət edilib. Ziyarətdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və digər rəsmi şəxslər iştirak ediblər.

Ziyarət zamanı 44 günlük Vətən ­müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı şanlı Qələbədən bəhs olunub. Qeyd olunub ki, şəhidlərimizin müqəddəs qanı ilə yazılan bu zəfər xalqımızın milli birliyinin, əzm və iradəsinin simvoludur.

Tədbirdə şəhidlərin xatirəsinin daim uca tutulacağı, onların ailələrinin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunacağı vurğulanıb. Qurbanovlar ailəsinin üzvləri göstərilən bu mənəvi dəstəyə və qayğıya görə ölkə rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.

Kədərli bir xatirə ilə yaddaqalan bu ailə faciəsi  27 sentyabr 2020-ci ildə Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndində düşmənin atdığı mərminin Qurbanov ­Elbrus İsa oğlunun evinə düşməsi nəticəsində biri körpə olmaqla beş ailə üzvünün şəhid olması, Vətən müharibəsinin ilk sivil qurbanları kimi tarixə yazıldı.

Bu faciə xalqımızın nə qədər ağır bir sınaqdan keçdiyini göstərsə də, eyni zamanda, millətimizin düşmən qarşısında əyilmədiyini, əksinə, birlik və mübarizə ruhu ilə ayağa qalxaraq torpaqlarını azad etdiyini sübut edir.

Bu gün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların fədakarlığı sayəsində əldə etdiyimiz suverenlik və ərazi bütövlüyü sabahımıza olan inamı və qüruru daha da gücləndirir.

Hamlet QASIMOV, 
XQ-nin bölgə müxbiri

 

Chosen
25
xalqqazeti.az

1Sources