EN

Milli Məclisdə görüşlər

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarova “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıda keçirilən beynəlxalq konfransın əhəmiyyətini qeyd edən Milli Məclisin Sədri bu tədbirin prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsinə və ümumi çağırışların müəyyən edilməsinə töhfə verəcəyinə inamını ifadə edib.  

Görüşdə parlamentlər arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb və qanunvericilik orqanları arasında əməkdaşlığın ölkələr arasında əlaqələrin inkişafında müsbət rolu qeyd olunub. O cümlədən beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq məsələləri vurğulanıb. Bildirilib ki, parlamentlərimiz Parlamentlərarası İttifaq, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi kimi mühüm platformalarda əməkdaşlıq edirlər. 

Görüş üçün təşəkkürünü bildirən Laos Xalq Demokratik Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Saysana Kotputan Bakıda prokurorluq orqanları üçün beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edib. Konfransın əhəmiyyətindən danışan qonaq onun dost ölkələrin prokurorluq orqanları arasında qarşılıqlı əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

***

Milli Məclisin Sədri Sahibə Qafarova həmin gün Polşa Respublikasının ölkəmizdəki səfiri Pavel Radomski ilə də görüşüb.

Sahibə Qafarova P.Radomskini Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edərək səfir kimi gələcək fəaliyyətində ikitərəfli əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Pavel Radomski ölkəmizin və paytaxt Bakının inkişafı ilə bağlı müsbət fikirlərini ifadə edib. O, işğaldan azad edilmiş torpaqlarımıza səfər etdiyini, orada aparılan genişmiqyaslı quruculuq işlərinin onda dərin təəssürat yaratdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
45
1
xalqqazeti.az

10Sources