EN

Makron Nobel almaq üçün Trampa əsas şərti açıqlayıb...

Fransa lideri: Tramp Nobel Sülh Mükafatı almaq istəyirsə, Qəzza münaqişəsini dayandırmalıdır...

Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampa Nobel Sülh Mükafatı əldə etmək üçün əsas şərti açıqlayıb. Fransa prezidenti bildirib ki, Tramp əgər həqiqətən bu mükafatı almaq istəyirsə, Qəzzadakı müharibəni dayandırmalıdır.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Makronun sözlərinə görə, ABŞ İsrailə silah tədarük edən əsas tərəf olduğundan, məhz Vaşinqtonun münaqişəni dayandırmaq gücü var. “Bunun üçün nəsə edə biləcək yeganə şəxs ABŞ prezidentidir”, deyə Fransa lideri vurğulayıb.

Qeyd edək ki, Donald Tramp da çıxışlarında Qəzzadakı müharibənin dərhal dayandırılmasının vacibliyini bildirib.

Lakin ziddiyyətli vəziyyət ondan ibarətdir ki, sentyabrın 18-də BMT Təhlükəsizlik Şurasının Qəzzada atəşkəsin elan edilməsini, girovların azad olunmasını və humanitar yardımın qarşısındakı maneələrin aradan qaldırılmasını nəzərdə tutan qətnaməsi ABŞ tərəfindən bloklanıb. Təhlükəsizlik Şurasının on mininci iclasında sənədə qarşı yalnız ABŞ səs verib, digər 14 üzv, o cümlədən daimi üzvlər — Rusiya, Çin, Fransa və Böyük Britaniya qətnaməni dəstəkləyib.

Ekspertlər hesab edirlər ki, Makronun bu bəyanatı həm Vaşinqtona siyasi təzyiq vasitəsi, həm də beynəlxalq ictimaiyyət qarşısında ABŞ-ın məsuliyyətini ön plana çıxarmaq cəhdi kimi qiymətləndirilir.

Poliqon.info

Chosen
20
poliqon.info

1Sources