EN

ADNSU nun məzun şəhidinə həsr olunmuş “Qürub vaxtı” kitabının təqdimatı keçirilib FOTOLAR

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Kitabxana-İnformasiya Mərkəzində Energetika fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsi şəhidi Teymur Rəsulova həsr olunmuş "Qürub vaxtı” kitabının təqdimatı keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbirin açılışında çıxış edən Kitabxana-İnformasiya Mərkəzinin müdiri Səlahət Mahmudova iştirakçıları salamlayaraq kitab barədə ətraflı məlumat verib. O bildirib ki, əsər iki hissədən ibarətdir: birinci hissə "Teymur Turan” adlanır və şəhidə həsr olunmuş şeirlər, esse və məqalələri əhatə edir. İkinci hissə isə "Teymurlu xatirələr” adlanır və Teymur Rəsulovun ailə üzvlərinin, döyüş yoldaşlarının, müəllimlərinin və yaxın dostlarının xatirələrini özündə birləşdirir.

Tədbirdə çıxış edən ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova şəhidlərin Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayıb. O qeyd edib ki, Vətən müharibəsində qazandığımız tarixi Zəfər ordumuzun gücünü və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi.

N.Əmirbəyova bildirib ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və dövlətimizin suverenliyi ilə ərazi bütövlüyünü bərpa etdi. Bu Zəfər tariximizə qızıl hərflərlə yazıldı. Müşavir əlavə edib ki, universitetimizin məzunu olan Teymurun döyüş yolunu və Vətən sevgisini tələbələrə çatdırmaq bizim borcumuzdur. Teymur Rəsulov kimi qəhrəman övladlarımız bu günkü azadlığımızın və sabahımızın təminatçısıdır. Onların xatirəsi daim uca tutulacaq, adları gələcək nəsillərə örnək olacaq. 

Tədbirdə şəhidin atası Yavuz Rəsulov və ailə üzvləri də çıxış edərək qəhrəman övladları haqqında xatirələrini bölüşüblər və göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Elektroenergetika kafedrasının müdiri, dosent Sevinc Mirzəyeva, Energetika fakültəsinin tərbiyə işləri üzrə dekan müavini Tural Əliyev və Humanitar fənlər kafedrasının müəllimi Könül Abdullayeva da çıxış edərək şəhidin qəhrəmanlığından danışıblar. Onlar vaxtilə tələbələri olmuş Teymur Rəsulovun təhsil illərindən, nizam-intizamı və vətənpərvərliyi ilə seçilməsindən söz açaraq xatirələrini bölüşüblər.

Təqdimat zamanı ADNSU tələbələri Azər Bədəlov və Fərda Babayev hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
5
azxeber.com

6Sources