EN

“Böyük yeddilik” Rusiyaya qarşı yeni sanksiyalar üzərində çalışır

BMT Baş Assambleyası çərçivəsində keçirilən görüşdə “Böyük yeddilik” ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını müzakirə ediblər. AzPost xəbər verir ki, görüşə İtaliyanın xarici işlər naziri Antonio Tayani sədrlik edib və yekun kommyunike Avropa İttifaqının rəsmi saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, G7 ölkələri Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən Ukraynanın dəstəklənməsi üçün istifadəyə dair davam edən məsləhətləşmələri alqışlayıb. Moskva isə bununla bağlı öncədən xəbərdarlıq edərək, xarici aktivlərə hər hansı müdaxiləni “oğurluq” kimi qiymətləndirəcəyini və bunun hüquqi nəticələr doğuracağını bəyan edib.

Nazirlər həmçinin Rusiyanın enerji daşıyıcılarının və digər xammal məhsullarının ixracından əldə etdiyi gəlirlərə təzyiqlərin artırılacağını bildiriblər.

Görüş zamanı Moskvanın Estoniya, Polşa və Rumıniyanın hava məkanını pozmaqda ittiham edildiyi də açıqlanıb. Lakin Rusiya tərəfi bu iddiaları əsassız hesab edərək, faktların mövcud olmadığını vurğulayıb.

Kommyunikedə həmçinin vurğulanır ki, “Böyük yeddilik” Ukraynaya “etibarlı təhlükəsizlik zəmanətləri” vermək üçün koordinasiyalı fəaliyyəti davam etdirəcək.

Qeyd edək ki, G7-yə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ daxildir. Rusiya isə öz növbəsində bütün tətbiq olunan sanksiyaları qanunsuz hesab etdiyini bildirir.

AzPost.az

Chosen
42
azpost.info

1Sources