EN

Əli Əsədov iki qərar imzaladı

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ətin, heyvan və quş cəmdəklərinin, digər ət məhsullarının ekspertiza aktı əsasında baytarlıq damğası və ştampları ilə nişanlanması məcburidir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Baytarlıq normalarına cavab verən məhsulların sahibinə həmin məhsulların satışına icazə verən ekspertiza aktının təqdim edilməsi və ya məhsulun (ətin, heyvan və quş cəmdəklərinin, digər məhsulların) üzərində nişan qoyulması Qaydaları”nda dəyişiklik edilməsi haqqında Baş nazir Əli Əsədovun imzaladığı qərarda qeyd edilib.

Qərara əsasən, ət və ət məhsullarının, həmçinin digər heyvan mənşəli məhsulların müayinədən keçirilməsini müəssisə və təşkilatların baytarlıq istehsalat-nəzarət bölməsində çalışan və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən uçota alınmış baytarlıq mütəxəssisləri həyata keçirəcəklər.

X X X

Nazirlər Kabineti “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın Əsasnaməsi”nin və “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın tərkibi və fəaliyyət Qaydası”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

Globalinfo.az xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

“Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiya” “Aviasiya haqqında” qanunun 17.1-ci maddəsinə əsasən aviasiya hadisələrinin və ya insidentlərinin araşdırılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyətin əlaqələndirilməsi, həyata keçirilməsi və təkmilləşdirilməsi məqsədilə yaradılmış kollegial orqandır. Daimi komissiya öz fəaliyyətində Konstitusiyanı, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələri, eləcə də “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyanı, həmin Konvensiyaya 13 nömrəli Əlavə (“Aviasiya hadisəsi və insidentinin araşdırılması”) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarını və tövsiyə olunan təcrübəsini, “Aviasiya haqqında” və digər qanunları, ölkə Prezidentinin fərman və sərəncamlarını, bu Əsasnaməni, Nazirlər Kabinetinin digər qərarlarını, həmçinin sərəncamlarını rəhbər tutur.

Daimi komissiya öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Daimi komissiyanın qərarlarının icrası həmin komissiyanın tərkibində nümayəndələrinin olduğu dövlət orqanları (qurumları) tərəfindən təmin edilməlidir. Daimi komissiyanın üzərində adı həkk olunmuş blankı, ştampları və möhürü var. 1.6. Daimi komissiya öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

Daimi komissiyanın sədri Baş nazir, sədr müavini rəqəmsal inkişaf və nəqliyyat naziri, üzvləri Baş prokuror, daxili işlər naziri, fövqəladə hallar naziri, xarici işlər naziri, müdafiə naziri, səhiyyə naziri, Dövlət Gömrük Komitəsinin sədri, Dövlət Mühafizə Xidmətinin rəisi, Dövlət Sərhəd Xidmətinin rəisi, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Xarici Kəşfiyyat Xidmətinin rəisi, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisidir.

Bundan başqa, qərarla “Aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın fəaliyyət Qaydası” təsdiqlənib. Bu Qayda “Aviasiya haqqında” qanunun 17.5-ci və 17.7-ci maddələrinə uyğun olaraq hazırlanıb, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması üzrə daimi komissiyanın ölkə ərazisində, habelə Azərbaycana mənsub hava gəmisinin digər dövlətin ərazisində məruz qaldığı aviasiya hadisələri və insidentlərinin araşdırılması üzrə fəaliyyətini tənzimləyir.

Bu Qayda ilə tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 1944-cü il 7 dekabr tarixli Konvensiyaya, ona 13 nömrəli Əlavə (“Aviasiya hadisəsinin və insidentinin araşdırılması”) ilə müəyyən olunmuş Beynəlxalq Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatının “Doc 9756, aviasiya hadisələrinin və insidentlərinin araşdırılması” və “Doc 9962, aviasiya hadisələrinin və insidentlərinin araşdırılmasına dair prosedurlar”a uyğun olaraq həyata keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
23
2
globalinfo.az

3Sources