EN

Prezident İlham Əliyevin Nyu-Yorka səfərindən önəmli detallar

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı həm siyasi, həm də iqtisadi baxımdan mühüm hadisə kimi qiymətləndirilir. Nyu-Yorkdakı işgüzar səfər zamanı keçirilən görüşlər, aparılan müzakirələr və verilən bəyanatlar Azərbaycanın beynəlxalq arenadakı mövqeyini bir daha nümayiş etdirir.

Prezident İlham Əliyevi BMT Baş katibi Antonio Quterreşin şəxsən qarşılamağı diplomatik protokoldan əlavə, Azərbaycanın son illərdə həyata keçirdiyi təşəbbüslərin yüksək qiymətləndirilməsinin göstəricisidir. Baş katib çıxışında Vaşinqtonda əldə olunmuş sülh razılaşmalarını “bütün dünya üçün müsbət hadisə” adlandırdı, bu Azərbaycan və Ermənistan arasındakı sülh gündəliyinə beynəlxalq auditoriyanın dəstəyini göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Baş Assambleyadakı nitqində bu razılaşmaları “dayanıqlı sülhə doğru atılmış addım” kimi dəyərləndirdi və Prezident İlham Əliyevi, Baş nazir Nikol Paşinyanı və ABŞ Prezidenti Donald Trampı prosesə verdikləri töhfəyə görə təbrik etdi. Bu bəyanatlar beynəlxalq mühitdə Azərbaycanın təşəbbüskar, konstruktiv və etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Diplomatik fəallıq və regional əlaqələr

Prezident İlham Əliyevin BMT-də keçirdiyi görüşlər çoxşaxəli diplomatik gündəmi əhatə edir. O, Avropa Şurasının Baş katibi, Keniya Prezidenti, Yunanıstanın Baş naziri, İraq və Finlandiya prezidentləri ilə ayrı-ayrılıqda görüşdü. Bu dialoqlar Azərbaycanın həm Avropa, həm də digər qitələrdəki tərəfdaşları ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsinə şərait yaradır.

Eyni zamanda, Azərbaycanın sülh prosesi fonunda daha fəal regional gücə çevrilməsi və balanslı siyasət yürütməsi beynəlxalq tərəfdaşlar tərəfindən diqqətlə izlənilir.

İqtisadi əməkdaşlıq və maliyyə dairələri ilə görüşlər

Səfərin ən önəmli istiqamətlərindən biri də qlobal maliyyə institutları ilə görüşlər oldu. Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın aparıcı investisiya şirkətlərinin rəhbərləri ilə müzakirələr apardı:

  • “Blackstone” şirkəti-alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biridir. 1985-ci ildə təsis olunmuş “Blackstone”un idarəçiliyində hazırda 1 trilyon dollardan çox aktiv var. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları sahələrində fəaliyyət göstərir. Görüşdə şirkətin rəhbəri Conatan Qrey Azərbaycandakı islahatların beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb və Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığın genişlənməsində maraqlı olduğunu bildirib.
  • “Neuberger Berman” şirkəti-1939-cu ildə yaradılmış bu qlobal investisiya idarəetmə şirkəti hazırda yarım trilyon dollardan çox aktiv idarə edir. Şirkətin sədri Corc Volker görüşdə Dövlət Neft Fondu ilə 2016-cı ildən davam edən səmərəli əməkdaşlığın Azərbaycan maliyyə sektorunun inkişafına töhfə verdiyini qeyd edib. Prezident İlham Əliyev isə bu əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə inamını ifadə edib.
  • “Brookfield Asset Management” şirkəti-1899-cu ildə əsası qoyulan və Kanadada yerləşən şirkət qlobal miqyasda alternativ investisiyaların idarə olunmasında aparıcı mövqeyə sahibdir. Hazırda 1 trilyon dollardan çox aktiv idarə edən şirkət infrastruktur, daşınmaz əmlak, bərpaolunan enerji və özəl kapital sahələrinə sərmayə yatırır. Şirkətin baş icraçı direktoru Brüs Flətt Azərbaycanın bərpaolunan enerji potensialına böyük maraq göstərib və Vaşinqton razılaşmalarının bölgədə iqtisadi əməkdaşlığa yeni imkanlar açacağını vurğulayıb.

Bu görüşlər Azərbaycanın yalnız siyasi mərkəz deyil, həm də qlobal maliyyə və investisiya axınlarının hədəfi olduğunu göstərir. Prezident İlham Əliyev danışıqlarda Azərbaycanın sabitlik, şəffaflıq və davamlı inkişaf prinsiplərinə söykənən iqtisadi siyasətini xüsusi vurğulayıb. Bu, beynəlxalq investorlar üçün risklərin minimum olması və uzunmüddətli layihələrə əlverişli mühitin mövcudluğu barədə aydın mesajdır.

Xüsusilə bərpaolunan enerji sektorunda əməkdaşlıq imkanlarının müzakirəsi Azərbaycanın regional enerji mərkəzinə çevrilməsi strategiyasının qlobal sərmayədarlar tərəfindən dəstəkləndiyini göstərir.

Bununla yanaşı, Nyu-Yorkda Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə “Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji” mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumu keçirilib. Forumda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Prezident İlham Əliyevin iştirakçılara müraciətini oxuyub. Tədbirdə ABŞ, Türkiyə və Qazaxıstan rəsmiləri, həmçinin qlobal maliyyə qurumlarının nümayəndələri regionun strateji əhəmiyyətini, Orta Dəhliz və yeni iqtisadi marşrutların potensialını vurğulayıblar.

ABŞ rəsmiləri Cənubi Qafqaz və Mərkəzi Asiyanın ABŞ-ın siyasət və investisiya strategiyası üçün prioritet əhəmiyyət daşıdığını bildiriblər. Türkiyə və Qazaxıstan nümayəndələri isə Xəzər regionunun logistika, enerji və infrastruktur layihələrinin qlobal iqtisadi əlaqələri gücləndirəcəyini xüsusi qeyd ediblər.

Yumşaq güc və mədəni diplomatiya

Səfər çərçivəsində Azərbaycanın yumşaq güc alətləri də ön planda idi. Birinci xanım Mehriban Əliyeva Nyu-Yorkda keçirilən “Gələcəyi birlikdə qurmaq” adlı ziyafətdə iştirak edib. Bununla yanaşı, Leyla Əliyeva və Arzu Əliyeva “Treasures Behind the Doors of Anatolia” adlı sərgidə ölkəmizi təmsil ediblər. Bu cür tədbirlər Azərbaycanın mədəniyyət və incəsənət sahəsində dünyaya açıq olduğunu göstərməklə yanaşı, milli imicin gücləndirilməsinə də xidmət edir.

Beləliklə, Prezident İlham Əliyevin Nyu-York səfəri Azərbaycanın siyasi, diplomatik və iqtisadi mövqelərini daha da gücləndirdi. Sülh prosesinə beynəlxalq dəstək, böyük maliyyə institutları ilə tərəfdaşlıqların genişləndirilməsi və mədəni diplomatiya sahəsində fəallıq bu səfəri çoxşaxəli və məhsuldar edir.

Əldə olunmuş razılaşmaların real nəticələrə çevrilməsi və yeni sərmayələrin ölkə iqtisadiyyatına uzunmüddətli təsiri Azərbaycanın növbəti illərdə regional liderliyini möhkəmləndirmək üçün əsas şərtlərdən biri olacaq.

Nicat Quliyev,
Naxçıvan Televiziyasının baş redaktoru

Chosen
31
ikisahil.az

1Sources