EN

Azərbaycanın təcili tibbi yardım komandası beynəlxalq çempionatda 3-cü oldu

Ajans.az xəbər verir ki, Qazaxıstanın Aktau şəhərində Təcili Tibbi Yardım Briqadalarının Beynəlxalq Çempionatı keçirilib.  Ümumilikdə 23 komandanın qatıldığı Beynəlxalq Çempionatda Azərbaycanı TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım komandası təmsil edib. Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin dəstəyilə Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan çempionatda komandamız 3-cü yerə layiq görülüb.   Yarışın nəticələrinə əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin heyəti kubok qazanıb, fəxri fərmanla təltif olunub. Çempionatın proqramı təcili tibbi yardımın göstərilməsi üzrə ustad dərsləri, klinik hallarla bağlı bilik səviyyəsinin yoxlanılması, düzgün diaqnoz təyin olunması, ilkin tibbi yardım və pasiyentin idarə olunması taktikası üzrə təlimləri əhatə edib. Bundan əlavə, böyüklər və uşaqlar üçün əsas və genişləndirilmiş ürək-ağciyər reanimasiyası, travmalar zamanı xəstəxanayaqədər yardım, yenidoğulmuşların reanimasiyası və təcili mamalıq vəziyyətlərində ilkin tibbi yardım üzrə təlimlər də keçirilib. Təcili Tibbi Yardım Briqadalarının Beynəlxalq Çempionatında ölkəmizi uğurla təmsil edən və qürurverici nailiyyətlə geri dönən komandamızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Chosen
34
5
Ajans.az

6Sources