EN

Mustafa Topçubaşovun 130 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi - FOTOLAR


Səhiyyə Nazirliyi və nazirliyin akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin birgə təşkilatçılığı ilə sentyabrın 24-də görkəmli cərrah-alim, ictimai və dövlət xadimi Mustafa bəy Ağabəy oğlu Topçubaşov 130 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib.

Musavat.com xəbər verir ki, Beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidenti Aparatının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbər şəxsləri, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimləri iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib.

 

Tədbiri açılışında çıxış edən səhiyyə naziri Teymur Musayev elmi-praktik konfransın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələr çərçivəsində təşkil etdiyini vurğulayıb. Nazirin sözlərinə görə, görkəmli alimin elmi dühası geniş spektrli, çoxsahəlidir: “Akademik Mustafa Topçubaşov təkcə öz dövrünün deyil, Azərbaycan səhiyyə və tibb elminin tarixində adı əbədi həkk olunmuş alimdir”.

Görkəmli alimin beynəlxalq miqyasda qazandığı nailiyyətləri xüsusilə vurğulayan nazir bildirib: "Cərrahların Lissabonda keçirilən XI Beynəlxalq Konqresində akademik Mustafa Topçubaşov Beynəlxalq Cərrahlar Assosiasiyasının üzvü seçilib. Bu da görkəmli alimin simasında dünya miqyasında Azərbaycan cərrahlıq elminə verilən yüksək dəyərdir".

Diqqətə çatdırılıb ki, akademikin "Analgezin" adlı ağrıkəsici kəşfi İkinci Dünya müharibəsi illərində əvəzsiz xidmət göstərib: “Hətta tanınmış Sovet akademiki Pyotr Kupriyanov bu kəşfi "Bakı neftinin müharibədə tanklara verdiyi töhfəyə" bənzətmişdir”.

Teymur Musayev akademik Mustafa Topçubaşovun irsinin bu gün də aktuallığının qoruduğunu bildirib. "Mustafa Topçubaşovun ömür yolu bu gün cərrahiyyə elmini həyat yolu seçən gənc nəsil üçün böyük alimlik və insanlıq məktəbidir", - deyə səhiyyə naziri fikrini tamamlayıb.

 

A large audience seated in a conference hall, featuring rows of people in formal attire, with a focus on the front row.

Öz çıxışında AMEA-nın prezidenti İsa Həbibbəyli vurğulayıb ki, Mustafa Topçubaşovun yaratdığı elmi məktəb onun yetirmələrinin cərrahiyyənin təməl biliklərinə mükəmməl bələd olmaları, təbabətdə mühüm yeniliklərə imza atmaları ilə fərqlənir. Mustafa Topçubaşovun Azərbaycan Milli Elmlər Akademiyasının 15 təsisçisindən biri olduğunu vurğulayan İsa Həbibbəyli, həmçinin görkəmli alimlə bağlı xatirələrini bölüşüb, onun hər zaman gənclərə istiqamət verərək onların elmə yönəlməsində xüsusi səy göstərdiyini deyib.

Öz çıxışında M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru Rauf Ağayev görkəmli alimin elmi-pedaqoji və kadr hazırlığında, həmçinin ictimai-siyasi fəaliyyətində tarixi xidmətləri barədə məlumat verib: “Həm bir həkim, həm də bir alim kimi Mustafa Topçubaşovun irsi Azərbaycan səhiyyəsinin və xüsusən də cərrahiyyəsinin formalaşmasında əvəzsiz rol oynayıb”.

 

Avrasiya Cərrah və Qastroenteroloqlar Assosiasiyasının sədri Yasemin Balaban çıxış edərək, akademik Mustafa Topçubaşovun cərrahiyyədə, tibdə, elmdə və kadr hazırlığındakı tarixi xidmətlərindən danışıb.

Alimin oğlu, Mərkəzi Klinikanın baş direktorunun müavini Ceyhun Topçubaşov çıxış edərək, atasının xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına, həmçinin tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

 

Sonra akademik Mustafa Topçubaşova həsr edilmiş sənədli film nümayiş olunub.

Beynəlxalq elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirib. Sessiyalarda Azərbaycan, Türkiyə və Gürcüstanın tanınmış alimlərinin “Birincili sklerozan xolangit və birincili biliyar xolangit: nə yenilik var?”, “Laparsokipik cərrahiyyə və stepler texnologiyası fəsadları”, “Süd vəzi adenokarsinomasında amfisesinin sitotoksik və antiproliferativ təsiri”, “Kəskin nəfəs yolları pozulması sindromunun diaqnostikası, profilaktika və müalicə prinsipləri”, “Kolorektal anastomozlarda tutmazlığın profilaktikası” adlı məruzələri dinlənilib.


Chosen
16
8
nuh.az

9Sources