EN

Vaqif Cavadov: "Mən də gedib-qayıdanların içindəyəm" - MÜSAHİBƏ

"Fernandu Santuşla bağlı kimin nə vaxt hansı fikirlər səsləndirdiyi internet səhifələrində durur. Məndən də onun barədə dəfələrlə soruşulub".

Bunu Azərbaycan milli komandasının sabiq futbolçusu, hazırda "Sumqayıt"ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi vəzifəsində çalışan Vaqif Cavadov Sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Sumqayıt"ın əsas komandasından ayrıldıqdan sonra adınız müxtəlif klubların baş məşqçi postuna namizəd kimi hallanırdı. "Gənclik şəhəri" təmsilçisinin əvəzedicilərinə qayıtmağı geriyə addım saymırsınız?

– Mən burada baş məşqçi olduğum zaman demişdim ki, rəhbərlik nə qərar versə, onu edəcəyəm. Həm də Pro kateqoriyası üzrə təhsilimi başa vurmalıyam. AFFA-nın təşkil etdiyi kurslarda da seçim verilib ki, hər bir məşqçinin öz komandası olmalıdır, komanda mütləqdir. Mən də əsas komandanın çıxışı zamanı demişdim ki, kurslarımı davam etdirmək üçün əvəzedici heyəti götürəcəyəm. O ki qaldı digər məsələlərə – aşağı düşmək, yuxarı qalxmaq… Mən baş məşqçi kimi bu akademiyadan çıxmışam və yenidən əvəzedici heyəti götürməyi geriyə addım saymıram. Ona görə də inanıram ki, bu, gələcəkdə baş məşqçi olmaq yolumda faydalı olacaq. Təkliflərə gəldikdə, seçimlər hər zaman olacaq və inanıram ki, mənə də olacaq. Amma hazırda ciddi, rəsmi təklif olmadığına görə bir şey deyə bilmirəm. İndi "Sumqayıt"ın əvəzedicilərinin baş məşqçisiyəm, hər şey qaydasındadır.

– Əvəzedici komandada işləriniz necə gedir?

– Üç məğlubiyyətimiz, bir heç-heçə, bir qələbəmiz var. İlk turda evdə "Araz-Naxçıvan"ı məğlub etmişik. Səfər oyunlarında "Qarabağ" və "Qəbələ"yə 0:1 hesabı ilə uduzmuşuq. Hansı ki o oyunlarda da qalib gələ bilərdik. Sadəcə, həm penaltini vura, həm də ələ düşən imkanlardan yararlana bilmədik. Mənim üçün önəmli olan nəticə deyil. Hərçənd, qələbə futbolçuların psixoloji durumunu yaxşılaşdırır. Əsas məqsədim istedadlı futbolçuları komandaya cəlb edib üzə çıxarmaq, əsas komanda üçün hazırlamaqdır. Amma əlbəttə, nəticənin də, ambisiyaların da 100 faiz olmasının vacibliyini futbolçularıma çatdırıram.

– Əsas komandada oyunçularınız var?

– Hazırda bir neçə futbolçumuz əsas heyətdə hər gün məşq edir və protokolda yer alır. Onlar əsas komandada olduğum vaxt mənim rəhbərliyim altında da oynayıblar. Bunlar Nadir Orucov, Ruslan Əliyev, Hüseyn Xıdırov, Vüsal Paşayev, Kənan Cavadlı. Sənan Muradlı isə "Şamaxı"ya icarəyə verilib.

– Düşünmürsünüzmü ki, əsas komandadan çıxmağınızda emosional çıxışlarınız da rol oynadı?

– Ola bilər ki, hardasa emosional çıxış etmişəm. Amma mən həmişə mətbuatla açıq ünsiyyətdə olmuşam və olanı demişəm. Həyatım boyu çalışmışam ki, səmimi olum. Emosional olduğumu bilərək, təcrübəniz sayəsində suallarınızla hansısa fikirləri səsləndirməyimə şərait yaradırsınız. Bu, normaldır. Amma yenə deyirəm ki, həmişə hər bir jurnalistin, azarkeşin fikrinə hörmətlə yanaşmışam. O ki qaldı dediklərimə – hər bir məşqçinin jurnalist və azarkeşlə fikirləri üst-üstə düşə bilməz. Çünki biz peşəkar gözlə baxırıq, siz isə jurnalist və azarkeş gözü ilə. Siz mənim yerimdə olsaydınız, bəlkə də cavablarınız mənim kimi olardı. Ona görə də bunu normal qarşılayıram. Amma istər-istəməz məğlub olanda və ya təxribatçı sual veriləndə hansısa sualı keçə bilərdim. Amma bundan sonra bəlkə də hansısa epizodlarda keçə bilərəm. Təcrübə oldu. Ümumilikdə götürəndə yenə deyirəm – bir yol seçdiyim zaman həmişə sözüm açıq olacaq. Çünki bir neçə baş məşqçi də bunu edir. Məsələn, Sergen Yalçını götürsək, məncə, çox səmimidir və nə istədiyini bilir.

– Bəs Joze Mourinyo?

– Mourinyo bir az başqa yöndə danışır, onları deyə bilmərəm. Hərənin öz fikri var. Amma səmimi olmaq hər kəs üçün vacibdir.

– Amma razısınızmı ki, hər sözü danışanda baş məşqçi özünü zərbə altında qoya bilər?

– Əlbəttə, hər bir ictimai şəxs sözünə, kəlməsinə diqqət etməlidir. İnanıram ki, məndə bu yöndə bir problem olmayacaq (gülür - red.). Məni tanıyan bilir ki, həmişə olanı deyirəm. Əsas odur ki, Azərbaycan futbolumuz inkişaf etsin. Biz nə qədər ört-basdır etsək və tərifləsək, olmayan şeylərə yaxşıdır desək, inkişaf etməyəcəyik. Mən deməsəm, heç kim deməsə, siz də yazmasanız, belə də gedəcək və bu iş alınmayacaq. Çünki hər şey sizin vasitənizlə işıqlandırılmalıdır. I Liqa, əvəzedicilər, aşağı liqalardan başlamaq lazımdır ki, millimiz 0:5 hesabı ilə məğlub olanda nəyə görə uduzduğunu deməyək. "Sumqayıt"ın hazırda yaxşı şəraiti var, amma digər klubların U-19-u, U-17-si, əvəzediciləri, I Liqa hansı şəraitdədir, paltardəyişmə otaqları nə vəziyyətdədir? Bunlar çox önəmlidir. Bir insan işə gələndə şəraitsizlik, səliqəsizlik, antisanitariya görəndə təbii ki, həvəsdən düşəcək. Bir də var ki, gəlib görürsən ki, hər şey var. Belə bir şəraitdə yalnız inkişaf edə bilərsən. Ona görə də jurnalistlərə emosional şəkildə dediklərim sırf hansısa oyunla bağlı ola bilər.

– Milli komanda ilə bağlı fikirləriniz necədir?

– Fernandu Santuşla bağlı kimin nə vaxt hansı fikirlər səsləndirdiyi internet səhifələrində durur. Məndən də onun barədə dəfələrlə soruşulub. Əlbəttə, böyük məşqçidir, heç kim onun işinə şübhə ilə yanaşa bilməz. Amma zaman-zaman hər bir baş məşqçinin işi hansısa komandada alına, hansındasa alınmaya bilər. Bu, onun zəif olması demək deyil. Sadəcə, ilk oyunlardan sonra görünən o idi ki, bu insanın Azərbaycanda istədiyi şey alınmayacaq. Çünki bunun üçün çox zamana ehtiyac var, amma milli komandada zaman verilmir. Burada nəticə üçün oynamaq lazımdır. O zaman U-17-yə, U-19-a verilməlidir ki, əsas komandaya oyunçu yetişdirilsin. Amma Santuş əvvəlcə gəncləşdirmə prosesi etdi, sonra yenidən təcrübəli futbolçuları heyətə qatdı. Qarışıqlıq ona gətirdi ki, bir qələbə də qazana bilmədik. İslandiyaya 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilməsi, məncə, ən doğru qərar idi.

– Qarşıda Fransa ilə ağır oyun gəlir. Ayxan Abbasov baş məşqçi kimi qalsa, bu rəqiblə qarşılaşmada nəyə ümid edirsiniz?

– Yenə də öz məşqçilərimizi tankın altına atırlar (gülür - red.). Kim gələcəksə, ona uğurlar arzulayıram. Öz üzərinə çətin yükü götürür. Bəlkə də yaxşı nəticə ilə tarix yazacaq. Ya da doğrunu desək, pis nəticə ilə də yekunlaşa bilər. Ona görə də hər bir baş məşqçiyə uğurlar arzulayıram. Amma inanıram ki, düşünülərək yaxşı bir qərar veriləcək və bundan sonrakı addımlar yalnız millinin xeyrinə olacaq.

– Gələn şəxs niyə 4 oyunluq məsuliyyətin altına girməlidir?

– Bir azərbaycanlı olaraq, hər bir məsuliyyətə hazırıq. Amma nə isə olsa, deyəcəksiniz ki, götürməzdin. Məsələ isə budur ki, millidən təklif gəldiyi zaman 1 oyun da, 3 oyun da olsa, sən "hə" deməlisən. Əlbəttə, bu, çox çətindir. Lakin biz azərbaycanlıların başında həmişə partlayan bir şeydir. Ona görə də sizlər də bunu hər zaman deməlisiniz. Biz birinci növbədə özümüzü sevməliyik ki, digər əcnəbi məşqçilər gələndə biz onlara nəyisə deyək. Yazırlar ki, Santuşa nə qədər pullar verilib, təzminat ödənilib. Amma yerli məşqçilər işləyəndə müqavilələrini ləğv edirlər, amma təzminat kimi o məvacibi almırlar. Nəyə görə? Əcnəbi ilə yerlinin fərqi nədir ki?! Sən əcnəbiyə o pulları verirsənsə, yerli baş məşqçini də işdən çıxaranda ver də... Ona görə də sizlər bunu deməlisiniz, işıqlandırmalısınız ki, yerli baş məşqçi kim olur-olsun, biz onun arxasında olaq. Nəticələr bu gün ola, sabah olmaya bilər. Normaldır, çünki bu, futboldur. Bəzi futbolçuların karyerası bir klubda yaxşı alınır, digərində alınmır. "Qarabağ"dan gedən futbolçuların demək olar ki, 70%-i oynaya bilmir, geri qayıdır. Mən də onların içindəyəm. Avropada da belə futbolçular var. Tyerri Anri "Arsenal"da oynadığı futbolu "Barselona"da göstərə bilmədi. Eden Hazard "Çelsi"də oynadığını "Real Madrid"də göstərə bilmədi, bir oyun oynamadı, amma nə qədər pul aldı. Heç kim ona demədi ki, pulu niyə alırsan? Çünki adam indiyə kimi əziyyət çəkib və o pulun bəhrəsini görüb ki, ona o pulu veriblər. Ona görə də milliyə kim gəlirsə-gəlsin, inanıram ki, heyətə çempionatda oynayan və yaxşı formada olan futbolçular cəlb ediləcək və nəticələr olacaq.

– Elə isə siz "Sumqayıt"ın əsas komandasından müqaviləniz olduğu halda uzaqlaşdırıldıqda, təzminat aldınızmı?

– Xeyr, təzminat almadım, amma maaşım akademiyada davam edir.

– Amma akademiyanın maaşı ilə əsas komandanınkı arasında böyük fərq var...

– Məbləğ məsələsində elə də böyük problem yoxdur. Mənim üçün önəmlisi budur ki, "Sumqayıt"ın yetirməsiyəm, burada pul söhbəti edə bilməzdim.

– Axı siz "Sumqayıt"ın yetirməsi deyilsiniz...

– Mən məşqçi kimi "Sumqayıt"da yetişmişəm.

– Burada bir-iki il işləmək buranın yetirməsi olmağınız anlamına gəlməməlidir...

– Mən U-17, U-19 və əvəzedicilərdən əsas komandaya kimi yüksəlmişəm. Başqa bir kluba gedib oradan çıxsaydım, təzminat götürüb-götürmədiyimi soruşa bilərdiniz. Məni tanıyan bilir ki, heç vaxt pul davası etməmişəm. Bunları deməkdə əsas məqsədim odur ki, əcnəbilərə verilən dəyərdən bir qədər də yerlilərə verilsə, hansısa nəticəni əldə etməyə daha çox şansımız olar, nəinki əcnəbinin.

– Deyirsiniz ki, jurnalistlər yerli baş məşqçilərə dəyər versin. Amma birinci növbədə, siz məşqçilər özünüzə dəyər verməlisiniz. "Sumqayıt"ın əsas komandasından müqaviləniz ola-ola istefaya göndərilirsiniz, amma təzminatınızı istəmirsiniz. Halbuki alsaydınız, indiki maaşınızdan qat-qat artıq qazanardınız...

– Xeyr, bəs etməzdi. Yenə eyni qaydada maaşımı alıram. "Sumqayıt"la maddi məsələlərdə heç vaxt problemim olmayıb, bu barədə heç danışmamışıq da. Yenə deyirəm, rəhbərlik elə qərar qəbul etdi ki, yenidən nə vaxtsa əsas komandaya qayıdacaq. Yəni, bu şans yenə mənə veriləcək. Ona görə də bu gün mənim üçün önəmlisi - karyeramdır. Düzdür, maddiyyat hər kəsə lazımdır. Söhbət təkcə mənim məvacibimdən getmir. Bütün yerli məşqçi və futbolçulara aiddir. Çünki yerlilərin aldığı maaşı hamı görür və oyunlarını müzakirə edir. Amma əcnəbilərin maaşına və oyununa heç kim söz demir, yaxın da durmurlar. Azərbaycanlı futbolçu ən azından dərk edir ki, mən bu qədər maaş alıram, qoy özümə, peşəkar karyerama diqqət edim, məndən nəticə gözləyirlər.

– Bəs niyə imkan verir ki, legionerlər gəlsin, ondan da yaxşı qazansınlar?

- Yenə də azərbaycanlı futbolçular meydançaya çıxırlar. Baxmayaraq ki, legioner limiti ləğv olunub.

– Neçəsi oynayır? "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsindəki ilk tur matçında Portuqaliyada "Benfika"ya qarşı 2 yerli futbolçu əsas heyətdə idi...

– Əvvəlki oyunlarda ən azı 3 yerli oyunçu meydançaya çıxırdı. Bu dəfə Nəriman Axundzadə zədə səbəbindən çıxmamışdı. Təkcə "Qarabağ"da yox, digər komandalarda da yerlilər oynayırlar.

– Qəbul edirsinizmi ki, "Qarabağ"ın yerliləri legionerlərə çata biləcək səviyyədə deyil?

– "Qarabağ"ı qırağa qoyaq, digər 11 klub da var.

– "Sumqayıt"ın hazırkı baş məşqçisi Saşa İliçin işini necə qiymətləndirirsiniz?

– Məncə, hər şey yaxşı alınır. Sərgilənən oyun da yaxşıdır. Ona uğurlar arzulayıram. Komanda hazırda ön pillələrdədir. İnanıram ki, bundan sonra da istədikləri nəticələri əldə edəcəklər.

– Azərbaycan Premyer Liqasında "Qarabağ"a rəqib gördüyünüz komandalar hansılardır?

– İlk pillələr uğrunda çox güclü mübarizə gedir. "Qarabağ", "Neftçi", "Zirə", "Araz-Naxçıvan", "Turan Tovuz", "Sabah" və "Sumqayıt" iddialıdır.

– Sizcə, bu rəqabət sırf legioner limitinin ləğvinin nəticəsi deyil?

– Xeyr. Komanda sayı istər 8 olsun, istər 10, istərsə də 12. Hər bir klubda orta hesabla 14 futbolçu var. Sadəcə, legioner limitinin yığışdırılması millimizə zərər verir və bunu artıq hiss edirik. Vəssalam!

İdman.biz

Chosen
14
1
idman.biz

2Sources