EN

Fələstinli tələbələr 5 il Bakıda oxuyacaqlar

Azərbaycan Respublikası “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ali təhsil hüququ qazanmış 14 fələstinli tələbə Qəzza bölgəsindən təxliyə edilib. Təxliyə prosesi Azərbaycan Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə ötən həftə, daha dəqiq söyləsək sentyabrın 17-də başlayıb. Artıq ümumilikdə 14 tələbə ali təhsil almaq məqsədilə ölkəmizə gətirilib.

Modern.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli qeyd edib ki,  “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edilərək ölkəmizə gətirilməsi, ilk növbədə ölkəmizin diplomatik uğuru və dövlətimizin humanizm prinsiplərinə əməldə sədaqətini göstərir.

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” bu proqrama əsasən, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələr, İnkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələr və xalqımızla etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarının 5 il ərzində Azərbaycan Respublikasının ali təhsil müəssisələrində müxtəlif təhsil səviyyələri üzrə təhsil almaları nəzərdə tutulub”.

Millət vəkili xatırladıb ki, Fələstin 1969-cu ildən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür:

“Fələstinli tələbələrin ölkəmizdə təhsil alma hüququ qazanmalarının da əsas səbəbi bu ölkənin İƏT üzvü olmasıdır. Onların, məhz Qəzza bölgəsindən olan gənclər arasından seçilmələri isə ölkəmizin humanizm prinsiplərinə verdiyi yüksək dəyərdən irəli gəlir. Əgər, 14 fələstinli tələbənin Qəzza bölgəsindən təxliyyəsinə və ölkəmizə gətirilməsinə nail olunubsa, onların ölkəmizdə sosial-mədəni inteqrasiyasında da heç bir problem olmayacaq. Dövlətimiz də, cəmiyyətimiz də tolerantdı, mərhəmətlidi və Vətənimizə xoş niyyətlə gələn hər kəsə qucaq açmağa hazırdı”.

O həmçinin sözügedən təşəbbüsün Azərbaycan–Fələstin münasibətlərinə, eləcə də  parlamentlərarası əməkdaşlığa təsirlərindən də bəhs edib:

“Azərbaycanın Fələstində diplomatik nümayəndəliyi, Fələstinin isə Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Ölkəmizin Fələstin-İsrail münasibətlərinin tənzimlənməsinə yanaşması beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Baş Assambleyasının tənzimləmə planına uyğundur və rəsmi Bakı Fələstin probleminin iki dövlət prinsipinə uyğun həllini dəstəkləyir. Ölkəmiz dəfələrlə Fələstinə humanitar və maliyyə yardımları göstərib.

Parlamentləarası əlaqələrə gəldikdə isə, Fələstinin ölkəmizdəki səfiri bu ilin sentyabrın 3-də Milli Məclisdə olub və parlamentin Sədri ilə görüşüb. Görüşdə parlamentlərarası münasibətlər, o cümlədən, beynəlxalq parlament təşkilatları çərçivəsində birgə əməkdaşlıqdan da söhbət açılıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisi və Fələstin Qanunvericilik Şurası Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, Asiya Parlament Assambleyası və İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası kimi təşkilatlarda əməkdaşlıq edirlər”.

Deputat onu da əlavə edib ki,  “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində Fələstinli gənclər ölkəmizdə təhsil alırlar və təbii ki, proqram davamlı olduğu üçün gələcəkdə də Fələstindən olan gənclərin Azərbaycanda təhsil almaq üçün müraciətləri hökumətimiz tərəfindən dəyərləndirilə bilər:

“Qeyd edim ki,  “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2023-cü il tarixli Sərəncamı ilə təsis edilib. Beynəlxalq təhsil qrantının verilməsi qaydası isə Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşib. Mahiyyət etibarilə bu istiqamətdə hökumət tərəfindən addım atılıb. Təhsil qrantlarının verilməsi isə qanunverici orqanının səlahiyyət və fəaliyyət dairəsinə daxil deyil”,- deyə E.Mirzəbəyli bildirib.

Chosen
2
1
modern.az

2Sources