EN

Xameneiyə sirli məktub: Sadəcə bir şərt var 15 illik fətva ləğv edilir?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın ötən gün BMT-nin sessiyasındakı çıxışında İranla bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Tramp vəzifəyə gəldikdən qısa müddət sonra İranın ali rəhbəri Ayətullah Xameneiyə səxavətli bir təkliflə məktub göndərdiyini bildirib. O, təklifə İranın nüvə proqramını dayandırması müqabilində tam əməkdaşlığın daxil olduğunu söyləyib. Lakin Xameneinin bunu rədd etdiyini vurğulayıb.

Maraqlıdır ki, ali rəhbər isə İranın nüvə silahı əldə etmək niyyətinin olmadığını açıqlayıb və ölkəsinin uranı zənginləşdirməyə davam etdiyini bildirib.

İranın nüvə silahı əldə etməyi planlamadığına dair açıqlaması nə dərəcədə inandırıcıdır? Vaşinqton Tehranla hansı halda ortaq məxrəcə gələ bilər?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, siyasi şərhçi Sədrəddin Soltan deyib ki, ötən gün İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei televiziya vasitəsilə etdiyi çıxışda ölkəsinin uranı 60 faiz səviyyəsində zənginləşdirdiyini açıqlayıb:

“Bu, o deməkdir ki, İran hakimiyyəti nüvə texnologiyalarının inkişafı və uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmayıb. Lakin hələ 2010-cu ildə Xamenei fətva verərək bəyan etmişdi ki, nüvə silahının hazırlanması, yayılması və istifadəsi qadağandır. Bu fətvadan irəli gələrək, İranın müdafiə doktrinasında da ölkənin nüvə silahı hazırlamayacağı, istifadə etməyəcəyi və yaymayacağı təsbit olunub.

İran parlamentinin 71 deputatı həmin doktrinaya yenidən baxılmasını tələb edib. Onlar bildiriblər ki, çəkindirmə məqsədilə Tehran nüvə silahı hazırlamaq yolunu nəzərdən keçirməli və bu istiqamətdə fəaliyyətini davam etdirməlidir.

Bu yanaşma həm beynəlxalq ictimaiyyət, həm də ABŞ üçün ciddi mesajdır. Yəni İranın nüvə proqramı təkcə təhdid kimi deyil, həm də çəkindirici amil kimi təqdim olunur”.

Sədrəddin Soltan 

Siyasi şərhçi bildirib ki, ABŞ İrandan nüvə fəaliyyətini tamamilə dayandırmağı və zənginləşdirilmiş uranın saxlanıldığı yerlər barədə dəqiq məlumat verməyi tələb edir:

“Vaşinqton bu şərtlər yerinə yetirildiyi halda İrana qarşı tətbiq olunmuş bəzi sanksiyaların ləğv edilə biləcəyini diqqətə çatdırır. Tehranın zənginləşdirilmiş uranla bağlı mövqeyi isə qeyri-müəyyəndir. İran rəsmiləri, o cümlədən Ayətullah Xamenei uranın məhv edildiyini demir, əksinə, ölkənin bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğulayırlar. Buna baxmayaraq, bir müddət əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi bəyan etmişdi ki, zənginləşdirilmiş uran ABŞ-ın bombaladığı nüvə obyektlərinin dağıntıları altında qalıb.

Bu ziddiyyətli açıqlamaların İranın BMT Baş Assambleyasının 80-ci sessiyası ərəfəsində və Avropa “üçlüyü” (Fransa, Almaniya, Britaniya) ilə danışıqlar zamanı səsləndirilməsi təsadüfi deyil. Tehran hakimiyyəti bununla beynəlxalq təzyiqləri neytrallaşdırmağa, eyni zamanda ABŞ-a siyasi təsir göstərməyə çalışır”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
9
globalinfo.az

1Sources