EN

 “Rosreyestr”in vergidən yayınan keçmiş məmuru Avakyan konsulluqda ölü tapılıb  

Vaxtilə o, “ qondarma dqr prezidentinin müşaviri” olub

43 yaşlı Boris Avakyan sentyabrın 24-də səhər saatlarında Sankt-Peterburqun Vasilyevski adasındakı Ermənistan konsulluğunun tualetində ölü tapılıb. Bir gün əvvəl o, həbs olunacağı məhkəmədən qaçaraq konsulluqda gizlənib. Məhkəmə onun barəsində vergidən yayınma işi üzrə həbs-qətimkan hökmü çıxarmalı idi.

B. Avakyan konsulluq işçilərinin tələblərinə baxmayaraq, gecə ərzində diplomatik missiyanın tualetində qapını kilidləyib və çıxmaqdan imtina edib. Dünən səhər diplomatlar onun ekstradisiyası ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə danışıqlar aparırdılar. Lakin konsulluq işçilərinin tələblərinə baxmayaraq, gecə ərzində diplomatik missiyanın tualetində qapını kilidləyən Avakyan oradan çıxmaqdan imtina edib. Nəhayət, o, cavab verməyi dayandırdıqda, qapı sındırılıb və  onun intihar etdiyi məlum olub.

Boris Avakyan Federal Əmlakın İdarə Edilməsi Agentliyinin (“Rosimuşşestvo”) Leninqrad vilayəti üzrə idarəsinin rəis müavini vəzifəsində çalışıb; 2014-cü ildən Sankt-Peterburqda torpaqdan istifadə və mühafizə üzrə baş dövlət müfəttişinin müavini, daha sonra dövlət torpaq nəzarəti idarəsinin (“Rosreyestr”in Sankt-Peterburq İdarəsinin bir hissəsi) rəis müavini vəzifələrində çalışıb.

2016-cı ildə məmurun həyatı kəskin şəkildə dəyişib. O, külli miqdarda gömrük vergisindən yayınmada ittiham olunub. Müstəntiqlərin bildirdiyinə əsasən, Avakyan ucuz mal adı altında bahalı elektronika idxal etmək sxemində iştirak edib və bu, ona büdcəyə təxminən 4,2 milyard rubl ödəməkdən yayınmağa imkan verib. O, ev dustaqlığına buraxılıb. Üç ay sonra isə Rusiyadan qaçaraq Avstriya və Fransada yaşayıb.

Bundan sonra Avakyan Rusiya vətəndaşlığından imtina edib və “dqr”də polkovnik rütbəsi alıb, “fövqəladə hallar nazirinin müavini” vəzifəsində çalışıb, hətta separatçı-terrorçu qurumda “prezidentin müşaviri” olub.

Lakin 2021-ci ildə Avakyan gözlənilmədən Sankt-Peterburqda həbs edilib və cinayət işi  yenidən açılıb. 2023-cü ildə həbsxanadan yayınmağa çalışaraq, o, Ukraynada Xüsusi Hərbi Əməliyyatda (SVO) iştirak etmək üçün müqavilə imzalayıb, amma tezliklə müqaviləyə xitam verib və onun barəsində məhkəmə təqibi davam etdirilib.

Avakyanın barəsində həbs - qətimkan tədbirinin seçilməsi üçün sentyabrın 23-də məhkəmə qarşısına çıxmalı idi. Mənbələrin bildirdiyinə görə, o, siqaret çəkmək bəhanəsi ilə zaldan çıxıb və mühafizəçilərindən yayınaraq qaçıb. Bu dəfə Avakyan xaricə deyil, Rusiya təhlükəsizlik qüvvələrinin icazəsiz daxil ola bilmədiyi Sankt-Peterburqdakı Ermənistan konsulluğuna sığınıb.

Rusiya mediası xəbər verir ki, sentyabrın 24-də səhər saatlarında konsulluğun tualetində Boris Avakyanın “heç bir zorakılıq əlamətləri olmayan” meyiti aşkar edilib. İllərcə dəbdəbə ilə həbsxana arasında dolaşan separatçı-terrorçunun həyatı beləcə sona çatıb və diplomatik missiyanın ayaqyolunda məskənini tapıb.

Son məlumata görə, ötən gecə Ermənistanda mart ayında keçirilən yerli seçkilərdə hakim “Mülki müqavilə” partiyasının namizədi kimi qalib gələn Armavir vilayətinin Parakar icmasının rəhbəri Volodya Qriqoryan güllələnərək öldürülüb. Onunla birlikdə bir polis zabiti Karen Abramyan da qətlə yetirilib.

 Bu rezonanslı siyasi sui-qəsd ölkəni şoka salıb: qətlin arxasında duran qüvvələr haqqında hələ heç bir nəzəriyyə irəli sürülməyib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

1Sources