“Karvan-Yevlax” Premyer Liqanın hesabat turunda darmadağından qaça bilmədi.
IV turda “Şamaxı”ya 0:3 hesabı ilə uduzan Yevlax təmsilçisi bu dəfə elə həmin stadionda “İmişli”yə eyni hesabla boyun əydi.
Sportinfo.az-a müsahibə verən ingiltərəli vinger Samuel Durrant qaranlıq məqamlara aydınlıq gətirdi.
- Yenə böyük hesablı məğlubiyyət. Nə baş verir?
- Eyni məzmunlu qollar buraxırıq, hücumda heç nə edə bilmirik. Məşqlərdə daha çox çalışmalı, aqressivliyi artırmalıyıq. Başqa yolla düzələn deyil.
- “İmişli” də çempionata sizinlə eyni şərtlər altında hazırlaşıb, rəqiblərini başqa stadionlarda qəbul edir. Onlarda alınır, sizdə yox.
- Onların xüsusi nəsə etdiyini düşünmürəm. Eyni səviyyəli komandalarıq. Sadəcə qapı qarşısına edilən kəskin ötürmələr zamanı etibarlı ola bilmirik. Bu, keçən oyunda da beləydi, bu dəfə də. “İmişli” isə müdafiə olunmağı bacarır. Fərq budur.
- Mövsümə pis başlamamışdınız, 2 oyunda qazanılan 4 xal. Nə dəyişdi ki?
- Mövsümü əvvəldən sonra qədər eyni səviyyədə keçirmək mümkün deyil. Bəzən yüksəliş, bəzən eniş olur. Yəqin ki, indi çətin dönəmdən keçirik. Belə olmasında bəzi futbolçuların zədələnməsi rol oynadı. Üzülməli deyilik, əksinə, daha çox çalışmaqla vəziyyəti düzəltməliyik. Çünki xal etibarilə komandalar bir-birinə çox yaxındır.
- Ardıcıl 3 məğlubiyyətdən sonra psixoloji durumu qaydasına salmaq mümkün olacaq?
- Niyə də yox?! Mövsüm yeni başlayıb, irəlidə çox oyunlar var. Səhvlərimizi görüb, təcili nəticə çıxarmalıyıq. Lakin bunu çox tez etməliyik. Çünki zaman bizi gözləməyəcək.
- Qarşınızda konkret hədəf var?
- Çempionatdakı yeri qorumaq. İnanıram ki, kollektiv olaraq bunun öhdəsindən gəlmək üçün gücümüz var.
- Azərbaycan Premyer Liqasının səviyyəsi öncədən düşündüyün və gözlədiyin kimidir, yoxsa?
- Digər oyunlara da baxıram. Deyərdim ki, səviyyə qənaətbəxşdir. Yaxşı komandalar, bacarıqlı futbolçular var. İntriqa da yüksək səviyyədədir. İnkişaf hiss olunmaqdadır.
HƏBİB