Ötən gün “Gizir Xanı” ləqəbi ilə tanınan əfsanəvi kəşfiyyatçı, ehtiyatda olan gizir Səyyaf Əhmədov minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində minaya düşərək həlak olub. Hadisə Ağdam rayonunun Mirəşelli kəndi ərazisində baş verib. “Gizir Xanı” bu gün torpağa tapşırılıb.
Səyyaf Əhmədov 5 aprel 1971-ci ildə Ağdam rayonunun İsmayılbəyli kəndində anadan olub.
1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusuna yazılan Səyyaf Əhmədov qısa müddətdə ön cəbhəyə göndərilib. Kəşfiyyatçı kimi xüsusi əməliyyatlarda iştirak edib, düşmən arxasında fəaliyyət göstərib. Döyüşlər zamanı 3 dəfə ağır yaralanmasına baxmayaraq, heç vaxt silahdaşlarını tək buraxmayıb.
O, Vətən müharibəsindən sonra ehtiyata buraxılmışdı.
Turkustan.az xəbər verir ki, Modern.az-ın məlumatına görə, “Gizir Xanı”ya şəhid statusunun verilməsi müzakirə olunur.
Məsələ ilə əlaqədar saytımıza Ağdam Rayon İcra Hakimiyyətindən bildirilib ki, dəfn mərasimindən sonra yerli icra hakimiyyəti tərəfindən bununla bağlı məsələ müzakirə oluna bilər.
Hüquqşünas Ramil Süleymanov isə qeyd edib ki, "Şəhid adının əbədiləşdirilməsi və şəhid statusunun verilməsi haqqında" qanunun həm preambulasında, həm də 1-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəxslərə şəhid statusu verilir.
Hüquqşünasın sözlərinə görə, əgər həmin şəxs düşmənin qurduğu minaya tuş gəlibsə, ona şəhid statusu verilə bilər. Şəhid adının verilməsinə imtina edilərsə, həmin şəxsin ailəsi inzibati qaydada məhkəməyə müraciət etməklə, həmçinin şəhid adının alınması üçün düşmən qurğusu nəticəsində həlak olunduğu təsdiq olunmaqla, şəhid statusunun verilməsiylə bağlı müraciəti mümkündür.
“Səyyaf Əhmədov faktiki olaraq aktiv əməliyyatlar zamanı şəhid olmasa da, məhz düşmənin qurduğu hərbi texnikaya görə həlak olub. Ona görə də, mərhum Səyyaf Əhmədovun ailəsinə imtina verilsə belə bununla bağlı müraciət edilə bilər və məhkəmə qaydasında mübahisələndirilməklə şəhid statusunun həmin şəxsə verilməsinə nail ola bilərlər. Amma düşünmürəm ki, Azərbaycan Respublikası tərəfindən bununla bağlı imtina verilsin”, - deyə R.Süleymanov qeyd edib.
“Hesab edirəm ki, bu baxımdan minaya düşmüş mərhum şəxsə - Səyyaf Əhmədova şəhid adı verilə bilər”, - o əlavə edib. bakupost.az/