EN

Yuxuladı, “Neftçi” sevincək olub getdi

Bir məşqçi o yerdə uğurlu olur ki, futbolçular arasında balansı qoruyur, onlarla öz arasında məsafə saxlayır, «pərdə»ni götürmür.

Deyəsən, Saşa İliç hələ bu incəliklərdən xəbərsizdir.

«Sumqayıt»a qədər bir neçə klubda çalışsa da.

«Sumqayıt» üç turdur ki, qalibiyyətə həsrətdir. Bu dönəm nə vaxt bitəcək, yəqin ki, heç serbiyalı baş məşqçinin özü də bilmir.

İlk iki turda əldə olunan qələbənin davamını gətirmək üçün komandanın hər cür potensialı vardı. Di gəl, İliç sərəncamındakı futbolçulardan səmərəli istifadə eləmir, heyəti düzgün qurmur.

Əl atdığı əvəzetmələr də uğur gətirmir, «Sumqayıt»ın ziyanına işləyir.

Götürək elə «Neftçi» ilə son oyunu. Ev sahibləri bu qarşılaşmanı uduzmamalıydı. Uduzdursa, günahkar birbaşa İliçdir, məsuliyyət də onun üzərindədir.

Etdiyi dəyişiklərlə komandanın belini qırdı. 70-ci dəqiqədə Ronaldo Vaskezlə Nikola Yankoviçi oyundan aldı, «Sumqayıt» tamam dayandı.

Qalanları başlarını itirdi, meydana daxil olanlar nə edəcəklərini bilmədi.

Samir Abasov isə iki əvəzləmə ilə 3 xalı «Neftçi»yə qazandırdı. Ağadadaş Salyanski 5 dəqiqə sonra hesabı açdı, Alessio Kurçi isə 2 dəqiqə sonra.

«Sumqayıt»a düşmən belə zərbə vura bilməzdi, Saşa İliç vurdu.

Bu qənaətə gəlirəm ki, onunla bağlı söylənilənlər doğrudur - İliç oyunu üzündən oxumağa da çətinlik çəkir, 90 dəqiqə «yuxulayır».

ELXAN

Chosen
5
sportinfo.az

1Sources