EN

ETİBARlı ömür

Deyirlər, hər insan ömrü bir kitabdır. Kiminin kitabı nazik olur, kimininki isə dolu-dolu səhifələrlə yazılır. Amma elə insanlar da var ki, onların ömür kitabı təkcə ailəsinin, yaxınlarının deyil, bütöv bir kəndin, bir bölgənin, hətta bir xalqın yaddaşına çevrilir. Onlar yaşadıqları yerlərə nəfəs verən, insanlara dayaqlı, dövlətinə sədaqətli şəxsiyyətlərdir. Bu gün 67 yaşını qeyd edən Etibar Əliyev də məhz belə insanlardandır – ömrünü zəhmətə, insanlığa və dövlətçiliyə həsr etmiş bir ömür sahibidir.

Etibar müəllimin həyat yolu Lerikin uca dağlarının qoynunda yerləşən, gözəlliyi ilə seçilən Çayrud kəndindən başlayıb. Təbiətin sərtliyi ilə yanaşı, kəndin saflığı və doğmalığı da onun xarakterinə hopub. O, gənc yaşlarından elmə can atıb, Ukraynada ali təhsil alaraq özünü yetişdirib. Təhsilini başa vurduqdan sonra uzun illər istehsalat sahələrində, iri zavodlarda çalışıb, minlərlə insanın taleyinə təsir edən müəssisələrə rəhbərlik edib. Müxtəlif zavodlarda, istehsal müəssisələrində müavin olduğu illərdə onun məsuliyyəti altında 5000-dən artıq işçi çalışıb. Etibar müəllim təkcə rəhbər yox, həm də ədalətli bir ağsaqqal kimi yadda qalıb.

Amma onun böyüklüyü yalnız istehsalat uğurları ilə ölçülmür. İnsanlara münasibəti, dostluqda sədaqəti, gənclərə qayğısı onu hamının sevimlisinə çevirib. Onu tanıyan hər kəsin dilində bir ad var – “Dayı”. Bu, sadəcə müraciət deyil, böyük bir hörmətin, inamın və səmimiyyətin ifadəsidir. Çünki “dayı” sözünü hər kəsə demirlər, onu qazanmaq lazımdır. Etibar Əliyev isə bu adı ömrü boyu xeyirxahlığı, insanlara əl tutması, dostluğa sədaqəti ilə haqq edib.

Onun qapısı həmişə tələbələrin üzünə açıq olub. Maddi çətinlik çəkən gənclərə dəstək göstərib, imkansız insanlara kömək edib. Elə buna görə də həm kəndində, həm də geniş çevrədə insanlıq rəmzinə çevrilib.

Etibar müəllim torpağına və dövlətinə bağlı bir vətəndaşdır. Çayrud kəndində keçirilən hər tədbirdə, hər iməclikdə onun əməyi var. Kəndin abadlaşmasında, nümunəvi sima qazanmasında onun fədakar zəhmətinin izi danılmazdır. Bu gün Çayrud Azərbaycanın ən gözəl kəndlərindən biri kimi göstərilirsə, bunda Etibar müəllim kimi vətənpərvər insanların payı böyükdür.

O, nüfuzlu bir nəsildən gəlir. Atası Şirzaid kişi vaxtilə “Sovxoz” direktoru olub, kənd camaatının böyük hörmətini qazanmışdı. Atasının adı kimi, Etibar müəllimin də adı etibar və güvən rəmzinə çevrilib. O, bu gün də atasının yolunu şərəflə davam etdirərək kəndinə, dövlətinə və insanlara xidmət edir.

67 yaş ömrün ən gözəl çağlarıdır. Bu yaş həm keçmişə hesabat, həm də gələcəyə ümidlə baxmaq deməkdir. Etibar müəllimin ömür yolu isə hələ də davam edən bir missiyadır. Bu gün – 25 sentyabrda onun ömrünə sadəcə bir yaş əlavə olunmur, yeni bir səhifə yazılır. O səhifəni isə doğmaları, dostları, tələbələri və bütün Çayrud kəndi birlikdə imzalayır: “Dayı, biz səninləyik!”

Bəli, Etibar Əliyevin 67 illik ömrünün ən böyük sərvəti nə vəzifələr, nə titullar, nə də maddi imkanlardır. Onun ən böyük qazancları insanların qəlbində qazandığı yer, dillərdə dolaşan “dayı” sözüdür. Bu gün bu sevgi və ehtiram ona ənənəvi təbriklərdən qat-qat güclü bir arzu kimi səslənir:

Yeni yaşınız yeni hörmətlərin, yeni duaların yaşı olsun, əziz Etibar müəllim!

Aqil Alışov

Chosen
10
1
ulusum.az

2Sources