ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.
"Tehranın uranın zənginləşdirilməsini 60 faizə çatdırması onun dinc məqsədlərdən daha çox, hərbi məqsədlərə xidmət etdiyindən xəbər verir".
Bunu Qaynarinfo-ya QAFSAM sədrinin müavini Nazim Cəfərsoy İran dini lideri Əli Xameneinin ölkəsinin nüvə silahına ehtiyacı və onu yaratmaq niyyətinin olmadığı barədə bəyanatını şərh edərkən deyib.
"Texniki ekspertlər bildirir ki, atom enerjisi üçün 20-25 modulda, yəni daha az zənginləşdirilmiş urana ehtiyac var. Ancaq İranın uranı 60 faizə qədər zənginləşdirməsi artıq onun dinc məqsədlərdən daha çox, hərbi məqsədlər üçün istifadə edilə biləcəyindən xəbər verir”, deyə ekspert bildirib.
Bu mənada ekspertin fikrincə, Xameneinin açıqlaması şübhəlidir:
"İndiyə qədər ki, ümumi məqsədlərə texniki baxımından baxdığımız zaman da İran dini liderinin sözügedən açıqlaması əlsində şübhəli görünür. Bu atom elektrik stansiyası əldə etmək istiqamətindəki məqamları ortadan qaldırır. Digər tərəfdən, İran uzun müddətdir nüvə proqramı ilə məşğul olur və bu proqramın müxtəlif hərbi məqsədlər daşıdığı zaman-zaman MAQATE tərəfindən də müəyyən hesabatlarda dilə gətirib. Başqa bir tərəfdən, dinc məqsədli nüvə məsələsilə bağlı İranın Rusiya ilə əməkdaşlığı mövcud olub. Lakin İran bu proqramı Moskvadan da gizli sürdürür. Dolayısı ilə bu da müəyyən şübhələr yaradır. Bu faktlar fonunda dini liderin açıqlaması o qədər də inandırıcı deyil”.
Qeyd edək ki, İranın dini lideri Əli Xamenei ölkəsinin nüvə silahına ehtiyac və onu yaratmaq niyyətinin olmadığını bəyan edib.
O bildirib ki, uranın zənginləşdirilməsi İrana sadəcə olaraq, öz ehtiyaclarını təmin etməyə kömək edir. Dini lider telemüraciətində uranın 60 faizə qədər zənginləşdirilməsinin ölkənin qarşısında duran bir sıra məsələləri həll etmək üçün çox yaxşı göstərici olduğunu qeyd edib və vurğulayıb ki, ölkəsinin nüvə silahı olmayıb və olmayacaq.
Buna rəğmən İran sentyabrın 21-də BMT Təhlükəsizlik Şurasının Tehrana qarşı sanksiyaları bərpa etməsinə görə MAQATE ilə əməkdaşlığı dayandırıb.
Rüfət Sultan
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.